Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında cari il üzrə hesabatların dinlənilməsinə start verildi.
Noy 17, 2022 | 15:30 / Konfranslar, iclaslar
Oxunub 1842 dəfə

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad. M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başlandı. İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev  bildirib ki, cari ildə institutun elmi fəaliyyəti uğurlu olub. Belə ki, bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun  beynəlxalq elmi əməkdaşlıq əlaqələri genişləndirilib, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.

Sonra akademik qeyd etdi ki, bu gün “Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası”şöbəsinə daxil olan  “Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi”, Kimyəvi- texnoloji proseslərin  modelləşdirilməsi”, “Kimya sənayesinin  yan məhsullarının  emalı”,  “Zəhərli  kimyəvi maddələrin zərərsizləşdirilməsi”, “Mineral sorbentlər“, “Qeyri-üzvi sintetik sorbentlər” laboratoriyalarının hesabatları dinləniləcək. Qeyd olunan laboratoriyaların  2022- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin dinlənildi. Laboratoriya müdirləri ağır qətrandan dizel yanacağının alınması, qızıl atomlarının qrafenin defektli səthinə adsorbsiyasının modelləşdirilməsi, saxlama müddəti başa çatmış tərkibində amin qrupu olan zəhərli kimyəvi maddələrin utilizasiyası, laylı və karkas strukturuna malik (seolitlər, bentonitlər, kaolin, diatomit və s.) məsaməli alümosilikatlar əsasında kompozit materialların hazırlanması, strukturlaşmış neft emulsiyasının reologiyası və fiziki proseslərin modelləşdirilməsi sahəsində aparılan tədqiqat işləri haqqında geniş məlumat verdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini  verdi. Alim qeyd etdi ki, növbəti ildə fundamental tədqiqatlarla yanaşı Respublika iqtisadiyyatına töhvə verəcək işlərə üstünlük verilməli, eyni zamanda ali təhsi müəssisələri ilə birgə elmi-tədqiqat işlərinin aparılmasına diqqət yetirilməlidir. Sonda  qeyd olunan laboratoriyaların hesabatlarının  qəbul olunması haqqında qərar verildi.

Qeyd etmək lazımdır ki, bu gün hesabatı təqdim edən şöbə əməkdaşlarının cari ildə ümumilikdə 30 məqaləsi çap olunmuşdur ki, onlardan 10-u  Web of science, 8-i SCOPUS, 6-ı digər beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunub. Şöbə əməkdaşlarının 1 monoqrafiyası, hərəsində bir fəsil olmaqla 2 kitabı xarıcdə nəşr olunmuşdur.

JURNALLAR
Faydalı linklər