Xəbərlər
Foto
UNEC-də texniki və texnoloji istiqamətlər üzrə 3 beynəlxalq konfrans öz işinə başlayıb.
Okt 28, 2022 | 12:57 / Konfranslar, iclaslar
Oxunub 2976 dəfə

UNEC-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Sakarya Universitetinin birgə təşkilatçılığı ilə “VI Beynəlxalq Türk Dünyası Kimya Elmləri və Texnologiyaları”, “V Humik Turşular” və “IV Təbiət Elmləri, Mühəndislikdə İxtiralar” mövzuları üzrə 3 beynəlxalq  konfransın açılışı olub.

Konfransda institutun baş direktoru akad. Dilqəm Tağıyev və bir qrup əməkdaşlar iştirak etmişlər. 

Konfrans iştirakçıları öncə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək,  əziz xatirəsini ehtiramla yad ediblər. Sonra tələbələrin UNEC-in Qida mühəndisliyi texnologiyaları laboratoriyasında hazırladıqları qida məhsulları ilə tanış olublar.

Tədbirin açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov Türk Dünyası dövlətlərinin iştirakı ilə keçirilən konfransların əsas məqsədinin iqtisadi artımın dayanıqlı inkişafını təmin etmək üçün yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin inkişaf etdirilməsi, yeni yaradılan yerli məhsulların rəqabət qabiliyyətliliyinin və keyfiyyət göstəricilərinin artırılmasından ibarət olduğunu bildirib. Rektor texniki və texnoloji istiqamətlər üzrə 3 gün davam edəcək konfranslar çərçivəsində 19 ölkədən 50-dən artıq universitet və elmi-tədqiqat müəssisələrinin nümayəndələrinin 250-yə yaxın məruzəsinin dinləniləcəyini bildirib. Ədalət Muradov bəşəriyyətin ehtiyac duyduğu yeni texnologiyaların işlənib hazırlanmasının və inkişafının mühəndislik, araşdırma və elmi tədqiqatlarla mümkünlüyünü diqqətə çatdıraraq, son illər UNEC-də mühəndislik və tətbiqi elmlər sahəsində bazanın əhəmiyyətli şəkildə gücləndirildiyini qeyd edib.

Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli ölkə ali təhsil müəssisələrinin elmi tədqiqat universitetlərinə çevrilməsinin prioritet sahələrdən olduğunu qeyd edərək, UNEC-in bu istiqamətdə ciddi addımlar atdığını bildirib. Nazir müşaviri əmək bazarının tələblərindən, universitet, sənaye və iş dünyası ilə birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Konfransda çıxış edən Sakarya universitetinin professoru, konfransın koordinatoru professor Ahmet Tutar, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rıza Altuner, konfransın sədri, UNEC-in Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, kafedra müdiri professor Rövnəq Rzayev Türk Dünyasının alimlərinin bir araya toplaşdığı konfransda müzakirə olunacaq mövzuların, ortaq layihələrin həyata keçirilməsinin texniki və texnoloji sahələrin inkişafında faydalı olacağını qeyd ediblər. Konfransların dünyanın müxtəlif ölkələrindən nüfuzlu mütəxəssislər, elm adamları, tədqiqatçılar və iş adamları üçün tətbiqi elmlər, kimya texnologiyaları və mühəndislik sahələrində innovativ texnologiyaları araşdırmaq, paylaşmaq və yeni əməkdaşlıqları inkişaf etdirmək üçün əvəzsiz bir platforma olduğunu diqqətə çatdırıblar.

JURNALLAR
Faydalı linklər