Xəbərlər
Foto
Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib
Okt 25, 2022 | 14:50 / Konfranslar, iclaslar
Oxunub 1735 dəfə

Oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər.

İclası AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını salamlayıb, Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Ümumi yığıncağın müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycan  Milli Elmlər Akademiyasının yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzalayıb.  Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb.

Akademikin sözlərinə görə, elm və təhsil sahəsində əsaslı struktur dəyişikliyi ilə əlaqədar olaraq, Fərmanın 8-ci bəndində Azərbaycan Milli Elmlər Akademiyasına Akademiyanın Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamənin üç ay müdddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb. Fərmanın 8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə  AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizamnamənin layihəsi hazırlanaraq AMEA-nın Ümumi yığıncağına təqdim edilib.

Sonra AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın yeni Nizamnamə layihəsini təqdim edib. Bildirib ki, yeni Nizamnamə Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Akademikin sözlərinə görə, 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.

Daha sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib. AMEA-nın Rəyasət Heyətinə Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb.

Tədbirdə akademik Arif Həşimov Ümumi yığıncağın gündəliyindəki növbəti məsələnin AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O, bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib.

AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər.

Sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib. Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər – Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.

Daha sonra akademik Fəxrəddin Qədirov səsvermənin nəticələrini açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.

JURNALLAR
Faydalı linklər