Xəbərlər
Kimya Elmləri Bölməsinin Elmi şurasının iclası keçirilib
Okt 13, 2022 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 917 dəfə

AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev açaraq gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsi üzrə 2022-ci tədris ili üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertan­tu­ra və doktoranturaya qəbulun nəticələri haqqında Elmi şura iştirakçılarına məlumat verib və qeyd edib ki, hər müəssisədə doktorant və dissertantların hazırlığı işinə diqqət və qayğı ilə yanaşmaq lazımdır.

Daha sonra iclasda bölmənin elmi tədqiqat müəssisələrinin fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertantura və doktoranturasına qəbul olmuş namizədlərin mövzuları geniş müzakirə edilib və təsdiq olunub.

Akademik Dilqəm Tağıyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” ölkə başçısının 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gələrək Kimya Elmləri Bölməsinin müəssisələri qarşısında duran vəzifələrdən söz açıb. Sözügedən Sərəncamın icrası ilə bağlı Tədbirlər planının hazırlanması üçün təkliflərin baxılaraq ümumiləşdirilmiş şəkildə AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi tövsiyə olunub.

Bundan əlavə, cari ilin elmi hesabatlarının vaxtında hazırlanması, müzakirə olunması və təqdim edilməsi ilə əlaqədar bəzi fikirlər səsləndirilib.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Elmi şuranın qərarı ilə akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilib.

 

JURNALLAR
Faydalı linklər