Xəbərlər
Foto
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin ruhu ehtiramla anıldı
Yan 19, 2017 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 7650 dəfə

Hər il olduğu kimi, bu il də AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirildi. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Kimya Elmləri Bölməsinin akademik katibi, institutun direktoru, akademik Dilqəm Tağıyev 90-cı illərdə Azərbaycanda mövcud ictimai-siyasi şəraitdən danışdı. Akademik qeyd etdi ki, 90-cı  il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu qanunsuz olaraq Bakı şəhərinə hücum etdi, azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq  məqsədi ilə Azərbaycan xalqına qarşı hərbi cinayət törətdi. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında  xalqımıza qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Akademik qeyd etdi ki, 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi və qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Akademik qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı  İlham Əliyev həmişə 20 yanvar şəhid ailələrinə diqqət və qayğı göstərir. Xalq bu faciəni heç vaxt unutmayacaq! Müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımız həyat durduqca qəlbimizdə yaşayacaqlar.

Tədbirdə, həmçinin  professor Arif Əfəndi, institutun aparıcı elmi işçisi Zöhrab Məmmədov və başqaları yanvar hadisələrinin canlı şahidi kimi həmin gecə baş verən hadisələrdən danışdılar.

 

JURNALLAR
Faydalı linklər