Xəbərlər
Planeti oksigen çatışmazlığı gözləyir: İqlim dəyişiklikləri səbəbilə meşələr təhlükə altındadırlar
Sen 19, 2022 | 11:51 / Maraqlı məlumatlar
Oxunub 874 dəfə

Daha əvvəllər alimlər hesab edirdilər ki, ağacların yarpaqları ətraf mühitdə temperaturun yüksək olduğu halda da fotosintez üçün lazımi temperatur səviyyəsini dəstəkləyirlər. Lakin aparılmış yeni tədqiqat bunun belə olmadığını göstərib və yaxın gələcəkdə insanlar yeni qlobal ekoloji problem ilə qarşılaşa bilərlər. Söhbət, oksigen çatışmazlığından gedir. ABŞ-ın Oreqon Dövlət Universitetinin tədqiqatçıları bir neçə fəsil ərzində Şimali və Mərkəzi Amerikanın meşələrini termal aparatlar vasitəsilə müşahidə ediblər. Sözügedən xüsusi termal aparatlar xüsusi qüllələrdə yerləşdirilib və onlar tropik və alp meşələrindən olan müxtəlif məlumatları yığıblar. Yığılmış məlumatlara misal olaraq meşə massivləri ilə atmosfer arasındakı enerjikarbon və su mübadiləsini gətirmək olar. Klimatoloqlar əldə edilmiş məlumatları analiz edəndən sonra belə qənaətə gəliblər ki, heç də bütün yarpaqlar fotosintez üçün lazım olan temperatur səviyyəsini dəstəkləyə bilmirlər.

Qeyd etmək lazımdır ki, fotosintez üçün ideal temperatur göstəricisi 15-30 dərəcə Selsi təşkil edir. Məhz bu temperatur şəraitində Günəş işığı ilə CO2 qazının oksigenə çevrilməsi prosesi gedir. Tədqiqatçıların müşahidə etdikləri meşələrdəki ağac yarpaqları isə ətraf havadan daha çox qızıblar. Tədqiqatçılar düşünürlər ki, yarpaqların temperaturlarına çoxlu sayda faktor təsir göstərir. Bura həmçinin iqlim və yarpaqların formaları da daxildir. Məsələn daha isti və quraqlıq regionlarda ağacların yarpaqları daha kiçik ölçüyə sahibdirlər və onlar isti mühitə adaptasiya olublar. Bundan əlavə olaraq həmin yarpaqlar Günəş işığını əks etdirə bilirlər. Rütubətli iqlim şəraitinə sahib regionlarda isə ağacların yarpaqları daha böyük ölçüyə sahibdirlər. Bu səbəbdən də onların temperaturları daha tez artır.

Beləliklə əldə edilmiş məlumatların analizindən sonra tədqiqatçılar belə qənaətə gəliblər ki, yarpaqların öz temperaturlarını aşağı salma bacarığına sahib olmalarına dair fərziyyə heç də doğru deyil. Bir qayda olaraq yarpaqların fotosintez üçün uyğun temperatura kimi soyumaları nəticəsində qlobal istiləşmənin meşələrə vura biləcəyi zərərin aşağı salınması faktı da şübhə altına düşür. Oreqon Dövlət Universitetindən olan mütəxəssislər narahatdırlar ki, planetdəki ortalama temperatur göstəricisinin artması nəticəsində meşələr daha çox stress vəziyyətinə düşəcəklər və bu da öz növbəsində atmosferdən CO2 qazının udulması və bir qayda olaraq oksigenin ifraz edilməsi prosesini ləngidəcək. Beləliklə söyləmək olar ki, Yer kürəsinin “yaşıl ağciyərləri” təhlükə altındadırlar.

JURNALLAR
Faydalı linklər