Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin yerli və xarici həmkarlarla birlikdə məqaləsi İmpakt faktoru 4.966 (CA) olan nüfuzlu “Reactive and Functional Polymers” jurnalında çap olunub.
Sen 14, 2022 | 11:00 / Nəşrlər
Oxunub 1345 dəfə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, k.e.d. Nizami Zeynalov, k.ü.f.d. Sevda Fətullayeva, dissertant Samirə Səfərəliyeva, SOCAR Neftqazelmitədqiqatlayihə İnstitutunun əməkdaşı k.ü.f.d. Şamo Tapdıqov, İtaliya Milli Tədqiqatlar Şurası Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun əməkdaşı Ph.D. Maria Grazia Raucci, Azərbaycan Tibb Universiteti Elmi Tədqiqat Mərkəzinin əməkdaşları: tibb.ü.f.d. Azər Hümmətov, Rəna Cəfərova, doktorant Xatirə Şirinova və Sumqayıt Dövlət Universitetinin əməkdaşı k.ü.f.d. Musa Mustafayevin həmmüəllifi olduğu “Cumulative release kinetics of levothyroxine-Na pentahydrate from chitosan/arabinogalactane based pH sensitive hydrogel and it's toxicology” adlı məqaləsi “Web of Science”, “Scopus”, “Clarivate Analytics”, “Chemical Abstracts”, "SCImago" və digər nüfuzlu beynəlxalq bazalara daxil olan Q1 kvartilli (İmpakt faktoru 4.966)  “Elsevier” nəşriyyatının “Reactive and Functional Polymers” jurnalında çap olunub.

Təqdim olunan məqalədə xitozan və arabinoqalaktanın mənfi temperaturda dondurulması metodu ilə yeni pH-a həssas hidrogel sintez edilmiş və onun qalxanabənzər vəzin hormon əvəzedicisi olan levotiroksin-Na pentahidrat ilə qarşılıqlı təsiri tədqiqi edilmişdir. Gelin strukturu SEM, rentgeneqrafik, TQA üsulları ilə idendifikasiya olunmuş və makromolekulların qarşılıqlı əlaqəsi müəyyən edilmişdir. Hidrogelin şişmə kinetikası və deqradasiyası öyrənilmiş və göstərilmişdir ki, oksidləşdirici mühitdə gel 2 həftə müddətində 64%, elastaza və neytral mühitdə isə 19-22% kütlə itkisinə məruz qalır. Gelin tərkibindəki polisaxaridlərin kütlə miqdarından asılı olaraq sorbsiya üsulu ilə levotiroksin-Na pentahidrat 50-200 mkq tərtibdə hidrogelə immobilizə olunmuş və müxtəlif mühitlərdə aktiv maddənin ayrılması tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, xitozan/arabinoqalaktan əsaslı matrisanın tərkibindən asılı olaraq daşıyıcılar 75-92% immobilizə dərəcəsinə malik olur və tərkiblərindəki preparatın 40-220 mkq-nı mühitə ayıra bilir. Hidrogellərdən levotiroksin-Na pentahidratın ayrılması Hikson-Krovel, Korsmeyer-Peppas və Hiquçi kinetik modellərində yoxlanılmışdır. Göstərilmişdir ki, xitozan/arabinoqalaktanın eyni kütləli nümunəsində ayrılma neytral pH-da Hiquçi (R2=0.968), xitozanın miqdarı çoxluq təşkil edən geldən levotrikosin-Na pentahidratın ayrılması isə elastaza mühitində Hikson-Krovel (R2=0.9156) və Korsmeyer-Peppas kinetik modelinə uyğundur. Gelin tərkibində arabinoqalaktanın miqdarı daha çox azaldıqca aktiv preparatın ayrılması bütün mühitlərdə Korsmeyer-Peppas (R2>0.9245) kinetik modelinə uyğun gəlir.  Bundan əlavə hidrogelin və onun levotiroksin-Na pentahidrat ilə konyuqatlarının mədə şirəsi məhlulunun kəskin və xroniki toksikliyi per os metodu ilə siçanlar üzərində yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, xitozan/arabinoqalaktan intermakromolekulları və onun levotrioksin-Na pentahidrat ilə komplekslərini “praktiki olaraq qeyri-toksiki” preparatlar qrupuna daxil etmək olar. 

Shamo Tapdiqov, Dilgam Tagiyev, Nizami Zeynalov, Samira Safaraliyeva, Sevda Fatullayeva, Azer Hummetov, Maria Raucci, Musa Mustafayev, Rana Jafarova, Khatira Shirinova. Cumulative release kinetics of levothyroxine-Na pentahydrate from chitosan/arabinogalactane based pH sensitive hydrogel and it's toxicology // Reactive and Functional Polymers, 2022, September, Vol. 178,  105334, p. 1-11. https://doi.org/10.1016/j.reactfunctpolym.2022.105334

JURNALLAR
Faydalı linklər