Xəbərlər
Xroniki yorğunluq sindromu və onunla mübarizə.
İyl 14, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 3735 dəfə

Statistikaya görə, dünya əhalisinin təxminən 2,6 faizi xroniki yorğunluq sindromundan əziyyət çəkir və onların böyük əksəriyyətinin nə işləməyə, nə də oxumağa həvəsi olmur. Əmək qabiliyyətli insanların isə təqribən 15 faizi xroniki yorğunluq sindromundan əziyyət çəkir.

Həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, həmin sindrom müxtəlif səbəblərdən yarana bilər: “Xroniki yorğunluq anemiyalar, qan azlığının istənilən formasında və tez-tez baş verən stress zamanı yarana bilər. Həmçinin hiperhidroz, çox tərləmə, yanaşı olaraq qalxanabənzər vəzin hormonlarının daha az işləməsi və digər hormonal xəstəliklər zamanı da müşahidə edilir. Bununla yanaşı xroniki qaraciyər, xroniki böyrək çatışmazlığı zamanı orqanizmdə mineral-vitamin mübadiləsinin pozulması fonunda yaranır. Bəzən olur ki, heç bir problem yoxdur, amma yenə də yorğunluq olur. Ona görə də D vitamini və kalsium mübadiləsinin azlığı da yorğunluğa gətirib çıxara bilər”.

Buna baxmayaraq xroniki yorğunluqdan xilas olmaq mümkündür. Həkim-fitoterapevtin dediyinə görə, bu problemin həlli üçün mövsümü meyvələr yemək ən yaxşı və təbii çarədir: “Ərik çox faydalı meyvədir və onun tərkibində olan kalium orqanizm üçün çox vacibdir. D vitamin əldə etmək üçün səhər yeməyi zamanı bal, küncüt toxumu və küncüt yağından istifadə etmək olar. Bəzən yanaşı insulin rezistentliyi olur, az qidalanmağına baxmayaraq çəki artımına səbəb olur. Həmin hal da xroniki yorğunluğa səbəb olur. Gilas və albalı meyvəsini yeyəndən sonra onların saplaqlarını, eləcə də qarğıdalı saçaqlarını dəmləyib içmək olar”.

Bəzi xəstələrdə xroniki yorğunluq yalnız yüngül yorğunluq və gücsüzlük şəklində müşahidə edilir. Daha inkişaf etmiş səviyyələrdə isə ciddi problemlərə aparıb çıxarır. Xroniki yorğunluq fonunda təngnəfəslik yarana, təzyiq normadan aşağı düşə bilər. Belə olan halda mütləq həkimə üz tutmaq lazımdır.

JURNALLAR
Faydalı linklər