Xəbərlər
Beyin hüceyrələrini qorumaq üçün vasitələr.
İyl 13, 2022 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 2791 dəfə

İnsan yaşa dolduqca beyində olan hüceyrələr məhv olmağa başlayır. Bu isə yaddaş və diqqətin zəifləməsinə gətirib çıxarır. Gündəlik həyatda beynin fəaliyyətini yaxşılaşdırmaq üçün diqqət yetirilməli olduğu məsələlər var.

Həkim-nevroloq Ülviyyə Səlimovanın dediyinə görə, erkən qocalmanın qarşısını almaq üçün beynin hər iki yarımkürəsi inkişaf etdirilməlidir: “Ətraf mühitdən alınan enerji, zərərli radiasiya orqanizmin bütün hüceyrələrinə mənfi təsir göstərdiyi kimi, beyin hüceyrələrinə də təsir edir. Mobil cihazlar, internet, yüksək dalğalar beyinə təsir göstərir. Bir tərəfdən də bəzi vərdişləri, məsələn, təkrarlanan hərəkətləri dəyişmək lazımdır. Evə, işə həmişə gedilən yolla yox, başqa bir yolla getmək lazımdır, çünki beyin rəngarəngliyi sevir”.

Bütün toxumalarda olduğu kimi, beynin də vacib ehtiyaclarından biri oksigendir. Beyin hüceyrələrini qorumaq üçün təmiz havada gəzmək olduqca faydalıdır. Bundan başqa xüsusi beyin məşqləri, gimnastika yaddaşın güclənməsində müsbət rol oynayır.

Həkim-nevroloq deyib: “Alimlər sübut ediblər ki, beyni inkişaf etdirmək, yaddaşı gücləndirmək üçün müxtəlif vasitələrdən, məsələn, şahmat kimi zəka oyunlarından istifadə etmək faydalıdır. Bundan başqa atalar sözləri, şeirlər əzbərləmək, xarici dil öyrənmək də beynin gimnastikası sayılır və müsbət təsir göstərir. Yaşlı adamların bilməcələr, krossvordlar, skanvordlar həll etməsi bu sahədə onlara yaxşı təsir edir”.

Unutqanlıq, yaddaş zəifliyi, fikir dağınıqlığı kimi hallar əsasən 30 yaşdan sonra da baş verir. Bunun üçün beyin xəstəliklərini törədən amillərdən uzaq olmaq, düzgün qidalanmaq və beyin gimnastikasına vaxt ayırmaq lazımdır. Hüceyrələrin məhv olmaması və istirahəti üçün normal yatmaq və düzgün həyat tərzi keçirmək olduqca vacibdir.

JURNALLAR
Faydalı linklər