İyn 20, 2022 | 11:14 / Konfranslar, iclaslar
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev 16-18 iyun 2022-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “MDB ölkələri alimlərinin IV beynəlxalq Forumunda” iştirak etmişdir. E.Babayev Forumun ilk günündə MDB gənc ailmləri üçün təşkil olunan dəyirmi masada “Elmin inkişafı və gənclərin elmə inteqrasiyası akademiya modeli kontekstində” məruzə ilə çıxış etmişdir.
O öz çixişında elmin müasir çaxırışları, ölkəmizdə gənclər və elm siyasəti, Texnofest-Azərbaycan aerokosmos və texnologiya festifalı, elmin flaqmanı olan AMEA-nın strukturu, həmçinin Gənc Alim və Mütəxəsssislər Şurasının fəaliyyətinə dair məsələləri diqqətə çatdırmışdır. Gənc alim və mütəxəssislər üçün yaradılan elmi-intellektual, ictimai-sosial mühit barədə danışan natiq təhsilin hələ magistratura səviyyəsindən başlayaraq AMEA-da yaradılan yüksək təchizatlı və təminatlı mühitdən bəhs etmişdir. E.Babayev gənclərin innovativ intellektual beyin məhsullarını realizə etmək üçün Yüksək Texnologiyalar Parkında yaradılan geniş imkanların praktiki tətbiq istiqamətində yeni üfüqlərə yol açdığnı vurğulamışdır. Daha sonra natiq iştirakçısı olduğu tədbirin əhəmiyyətinə toxunaraq gənc alimlərin beynəlxalq inteqrasiyası üçün forum, konfrans, simpoziumların keçirilməsinin vacibliyini vurğulamış və belə görüşlərin birgə interdissiplinar və multidissiplinar əməkdaşlığın yaranmasına vüsət olacağını diqqətə çatdırmışdır.
Sonda Elmir Babayev forumun işinə dair təkliflərini səsləndirmiş və təkliflər əsasında müzakirələr aparılmışdır.