Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda çap olunub
İyn 08, 2022 | 10:17 / Konfranslar, iclaslar
Oxunub 2263 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, k.e.d. Nizami Zeynalov, 9 saylı laboratoriyanın aparıcı elmi işçiləri: k.ü.f.d. Sevda Fətullayeva, k.ü.f.d. Samirə Məmmədova və magistr tələbəsi Elmira Əliyevanın həmmüəllifi olduğu “Recent advances of chitosan-based polymers in biomedical applications and environmental protection” adlı icmal məqaləsi “Web of Science”, “Scopus”, “Chemical Abstracts”, "SCImago" və digər nüfuzlu beynəlxalq bazalara daxil olan (impakt faktoru 3.097)  “Springer” nəşriyyatının “Journal of Polymer Research” jurnalında çap olunub.

Təqdim olunan məqalə son illərin ədəbiyyatlarına əsaslanaraq xitozanın tətbiqinin müasir vəziyyətinə ümumi baxışdır və xitozan əsaslı polimerlərin bir çox elm sahələrində tətbiqinin genişləndirilməsinə yönəlmiş fundamental və tətbiqi tədqiqatların əhəmiyyətini göstərir.

Qeyd olunur ki, polimer əsaslı biomateriallara, o cümlədən, xitozan və onun modifikantlarına, həmçinin onların elmin müxtəlif sahələrində tətbiq üsullarına maraq gündən günə artır. Bioloji uyğunluq, bioloji parçalanma, təbii mühitdə sabitlik, qeyri-toksiklik, yüksək bioloji aktivlik, iqtisadi əlverişlilik, yüksək sorbsiya xüsusiyyətləri kimi unikal fiziki-kimyəvi, bioloji, ekoloji, fizioloji xassələrinə görə xitozan müxtəlif biotibb və sənaye sahələrində istifadə olunur. Xitozanın quruluşdakı bir neçə funksional qruplarının reaksiya qabiliyyətliyi onu dərman tədarükü, toxuma mühəndisliyi, yaraların sağalması, regenerativ təbabət, qan antikoaqulyasiyası və sümük, vətər, eləcə də qan damarı mühəndisliyi, stomatologiya, biotexnologiya, müxtəlif tətbiqlər üçün daha maraqlı edir.

Məqalədə göstərilir ki, xitozan əsaslı biopolimerlərinin tətbiqi üçün perspektivli istiqamətlərdən biri də ətraf mühitin mühafizəsi, tullantı sularının təmizlənməsi, radioqoruyucu xassələrə malik dərman preparatlarının, radionuklidlərin təcrid edilməsi üçün sorbentlərin hazırlanması sahəsidir. Hal-hazırda xitozan unikal xassələrinə görə biotexnologiyanın, təbabətin, əczaçılıq və sənayenin müxtəlif sahələrində geniş istifadə olunur.

D.B.Tağıyev, N.Zeynalov, S.Fətullayeva, S.Məmmədova, E.Əliyevanın

Recent advances of chitosan-based polymers in biomedical applications and environmental protection

(2022, vol. 29, issue 7, Article: 259, https://doi.org/10.1007/s10965-022-03121-3)

JURNALLAR
Faydalı linklər