Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, k.e.d., professor Eldar Zeynalov Almaniyanın Berlin Texniki Universitetində ezamiyyətdə olmuşdu.
May 31, 2022 | 15:47 / Konfranslar, iclaslar
Oxunub 2049 dəfə

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi çərcivəsində (EİF/MQM/ETS-2020-1(35))-08/05/4-M-05 saylı “Sintetik naften turşularının yüksək çıxım və selektivliklə qeyri-zəncirvari reaksiya ilə alınması üçün karbon nanokataliza­torların işlənilməsi və tətbiqi” mövzusu üzrə qalib olmuş layihənin rəhbəri, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü,k.e.d., professor Eldar Zeynalov AR Prezidenti yanında EİF tərəfindən 16.05.22 – 25.05.22 tarixlərində Almaniyanın  Berlin şəhərində yerləşən  Berlin Texniki Universitetinin  Polimer Materialları və Texnologiya şöbəsinə ezam olunmuşdur.

Ezamiyyətin əsas məqsədi sözügedən layihənin mövzusu ətrafında aparıcı alman alimləri ilə müzakirələr aparmaq, bu elmi istiqamətin dünya miqyasında mövcud vəziyyətini araşdırmaq və onun kimya-netfkimya elm və sənaye məkanında “xüsusi çəkisini” bilmək, alınmış fundamental və təcrübi nəticələri məqsədyönlü şəkildə yerləşdirmək imkanlarını və şərtlərini öyrənmək, müzakirə zamanı yaranan digər məsələləri həll etmək olmuşdur. 

İlk görüş Berlin Texniki Universitetinin Polimer Materialları və Texnolo­giya şöbəsinin professoru Yörq Florian Fridrixlə olmuşdur. Görüş zamanı layihə­nin mövzusu ətrafında fikir mübadiləsi aparılmışdır. Söhbət zamanı geyd olun­muşdur ki, oksidləşmə prosesləri kimya elmində ən böyük əhəmiyyət kəsb edən proseslərdən biridir. Bu proses nəticəsində təbiətdə zəruri olan karbon-oksigen tsikli reallaşır, insan həyatı üçün vacib olan mühit formalaşır. Məhz oksidləşmə çevrilmələri nəticəsində yer kürəsinin alt qatlarında  neftin əsas oksigen saxlayan maddələrindən biri olan təbii naften turşuları (TNT) formalaşır. TNT-rı kimya elmində və sənayesində xüsusi əhəmiyyət kəsb edir. Lakin, onların təbii ehtiyatları çox məhduddur. Buna görə də prof. E.Zeynalov  layihədə  oksidləşmə proseslərini modelləşdirərək, neft karbohidrogenlərini oksidləşdirməklə, alternativ sintetik neft turşularının (SNT) alınması üçün müxtəlif təcrübələr aparıldığını, artıq layihə üzrə xeyli işlər görüldüyünü, nəticələrin qənaətbəxş olmasını, xammalın (dizel yanacağı və 3 fraksiya) tam şəkildə  kütlə spektrometrik analizdən keçirildiyini, onun bütün komponent tərkiblərinin təyin olunduğunu, məqsədli fraksiya seçilməsini, katalizatorların müxtəlif növlərinin CVD-üsulu ilə hazırlandığını söylədi,  sonra reaksiyanın optimal şəraitinin müəyyənləşdirilməsi və prosesin artıq laboratoriya miqyasından yarım senaye-pilot qurğusuna ötürülə biləcəyi haqqinda məlumatı prof. Fridrixin nəzərinə çatdlrdı. Prof. Fridrix öz növbəsində geyd etdi ki, indi neft hasil edən ölkələr üçün əsas mesaj dizeldir və gələcəkdə benzin  hasilatı kəskin sürətdə azalacaq. Nəticədə, yeni neft əsaslı məhsul­ların istehsalına tələbat artacaqdır. Belə bir vaxtda  sizin layihə yeni neft məhsullarının  geniş spektrinin sintezi və digər  kimyəvi proseslərin gələcək inkişafı üçün geniş imkanlar açacaqdır.  Oksidləşmə proseslərində  karbon-nanoborularının istifadəsi  sizin layihənin müasir xarakterini bir daha təsdiqləyir. Burada yeni kataliz sahəsi açılır və perspektivlər əla görünür – deyərək,  prof. Fridrix layihəyə yüksək qiymətini verdi.

Görüşün əsas nəticəsi olaraq  prof. Fridrix layihə üzrə  təqdim olunan  elmi əsərləri Springer-Verlaq nəşriyyatında nəşr edilməsi üçün dəstək verəcəyini və  alınmış məqsədli kimyəvi məhsulların Avropa neft-kimya senaye müəssələrındə istehsal etmək imkanlarının araşdırılacağını qeyd etdi. Sonda layihə işləri üzrə  E.Zeynalov, D.Tağıyev, Y.Nağıyev və dig. müəlliflər tərəfindən nəşr olunmuş  “Dizel yanacağının komponent tərkibi (preprint). Füyuzat, 2022 -90 səh”. adlı elmi əsər təqdim olundu.

Digər görüş Polimer Materialları və Texnologiya şöbəsinin əməkdaşları, prof. Dr-İng. Dietmar Auhl, MSc Özen Arda və MSc Peng Wang-a və dig. iştirakşçılarla dəyirmi masa arxasında oldu. 

Professor Zeynalov layihə haqqında məruzə ilə çıxış edərək, geyd etmişdir ki, bu gün neft karbohidrogenlərinin katalitik oksidləşməsi nəticəsində alınan SNT-lər və onların törəmələri neft-kimyası sənayesində ən qiymətli və geniş tətbiq sahələrinə malikdirlər. Belə ki, onlar oksidləşmə və oksosintez proseslərində katalizator, dəri-gön istehsalında yağlayıcı və aşılayıcı, korroziya inhibitorları, plastik kütlələrdə plastifikator kimi, aqressiv mühitlərdə istifadə olunan izolyasiya materiallarında isə antiseptik maddə kimi  istifadə olunur. Hal-hazırda SNT-nin alınma prosesinin təkmilləşdirilməsi çox aktual bir məsələdir. Neft karbohidrogenlərinin maye fazada oksidləşməsi mövzusuna dair son illərin araşdırmaları göstərir ki, bu sahə üzrə aparılan elmi və praktiki tədqiqatlar əsasən yeni effektiv katalizatorların və katalitik sistemlərin axtarışına istiqamətlən­dirilmişdir. Bu tendensiya nanokimyanın və nanozərrəçiklərin meydana gəlməsi ilə də sıx bağlıdır.

Azərbaycan neftlərinin dizel distillatı əsasında SNT-in sintezi üçün səmərəli katalitik sistemlərin və oksidlişdiricilərin, sintetik turşular qarışığının yüksək çıxımla alınma üsulunun işlənib hazırlanması və bu turşular əsasında yüksək keyfiyyətli və sənaye əhəmiyyətli məhsulların yaradılması həm mühüm elmi, həm də praktiki əhəmiyyət kəsb edir.

Bizim layihəmizin əsas məqsədi nanokatalizatorların iştirakında SNT-nın yüksək çıxım və selektivliklə alınma üsulunun işlənib hazırlanması və sənaye prosesinə təqdim edilməsidir. Məruzə qarşı tərəfdən çox məmnunluqla qarşılanmış və bu sahədə xarici alimlər tərəfindən hər cür dəstək verilməsi istəyi ifadə olunmuşdur. Potensial oksidləşmə nanokatalizator qismində Bakıda hazırlanmış çoxlaylı nanokarbon boruları (ÇLKNB) saxlayan dörd nümunə forması seminar iştirakçılarına təqdim edilmişdir. Onlardan - 1. ÇLKNB, 2. Eposid + ÇLKNB (7.4küt.%), 3. Keramika + ÇLKNB (5.0küt.%), 4. Polidimetilsiloksan+ ÇLKNB (3.0 küt.%).

 

Dəyirmi masa iştirakçılarının öz təklifi və təşəbbüsləri  ilə nümunələr şöbənin tərkibində olan  test laboratoriyasında sınaqlardan keçirilməsi üçün qəbul edil­miş­dir. Tez bir zamanda sınaqların nəticələrinin layihə rəhbərinə təqdim edilməsi haqda da qərar qəbul edilmişdir.

Bundan başqa, Berlin Texniki Universitetinin  elektron kitabxanasından layihə­nin elmi profilinə uyğun ədəbiyyat materialları toplanılmış, Web of Science baza­sına daxil olma imkanlardan istifadə edərək, 5 əsas və 36 daxili istiqamətlər üzrə  sistemləşdirilmişdir.  

Toplanmış yeni ədəbiyyat məlumatlarının layihə üzrə nəzərdə tutulmuş növbəti monoqrafiyanın yazılmasında istifadə olunacağı nəzərdə tutulur.

Təqdim olunmuş polimer və keramik daşıyıcısı olan  nanokarbon kompozitləri Berlin Texniki Universitetinin Polimer Materialları və Texnologiya şöbəsinin laboratoriyasında sınaqlardan keçəndən sonra neft karbohidrogenlərinin oksid­ləşmə proseslərində tətbiqi və yeni smart katalizatorlar kimi tövsiyə olunması nəzərdə tutulur.

 

JURNALLAR
Faydalı linklər