Xəbərlər
ABŞ-da yaşayan həmyerlimiz kimya elmlər doktoru, professor Musayev Faiq Nəsib oğlunu 70 illik yubileyi münasibətilə təbrik edirik!
May 25, 2022 | 10:17 / Yubileylər
Oxunub 1714 dəfə

Bu günlərdə ABŞ-da yaşayıb aktiv elmi fəaliyyət göstərən həmyerlimiz, tanınmış kristallokimyaçı alim Musayev Faiq Nəsib oğlunun70 yaşı tamam olur.     

Musayev Faiq Nəsib oğlu24 may 1952-ci ildə Qazax  rayonunda müəllim ailəsində anadan olmuşdur. 1969-cu ildə orta məktəbi qızıl medalla bitirmiş və  Azərbaycan Dövlət Pedagoji Institutunun kimya fakultəsinə daxil olmuşdur. Oxuduğu dövrdə Lenin təqaüdçüsü olmuş və 1973-cü ildə  təhsilini fərqlənmə diplomu ilə bitirmişdir.  Təyinatla Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki orta məktəbdə kimya müəllimi kimi əmək fəaliyyətinə  başlayan F.Musayev 1974-ci ilin may ayında Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvİ və Fiziki kimya Institutunun (indiki AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) “Quruluş Kimyası”  laboratoriyasında aspiranturaya daxil olmuşdur. Elə həmin ildə də hərbi xidmətə çağrılmışdır. 1975-ci ildə hərbi xidməti bitirdikdən sonra və görkəmli alim professor Xudu Məmmədovun rəhbərliyi altında aspiranturada təhsilini davam etdirmişdir. Gənc alimin dünya görüşünün və həyatının formalaşmasında Xudu müəllimin cox böyük təsiri olmuşdur. F.Musayev 1979-cu ildə “Metal monotiobenzoatlarin sintezi və kristal quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Tədqiqatlarını daha geniş və uğurla davam etdirərək F. Musayev 1991-ci ildə “Bioloji aktiv metal karboksilatların sintezi və onlarin termiki parçalanma proseslərinin quruluş aspektleri” mövzusunda doktorluq dissertasiyasını  müvəffəqiyyətlə müdafiə etmişdir. 100-dən çox elmi əsərin və 3 ixtiranın müəllifidir. Dünyanin müxtəlif bölgələrində (Moskva, Novosibirsk, Praga, Hamburg, Taipei, Vaşinqton, Arlington, Buffalo, NY və s.) zülal molekullarının quruluşu, quruluş kimyasi və termiki analiz üzrə keçirilən elmi konfranslarda dəfələrlə iştirak etmiş və elmi məruzələrlə çıxış etmişdir. 1994-cü ilin sonuna gədər AzEA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2 elmlər namizədinin elmi rəhbəri olmuşdur. 1993-cü ilin noyabr ayında Tayvan Elmlər Akademiyasına dəvət olunmuş və 1998-ci ilə qədər Tayvan Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda xərcəng və AIDS xəstəliklərinə qarşı aktivlik göstərən yüksək molekullu zülalların təmizlənməsi və kristal quruluşunun öyrənilməsi ilə məşğul olmuşdur. Tayvan Elmlər Akademiyasında işlədiyi müddətdə müxtəlif ölkələrdən, o cümlədən Yeni Zelandiya, Braziliya və Amerika Birləşmiş Ştatlarından elmi axtarışlarını davam etdirmək üçün təkliflər almışdır. Faiq Musayev 1998-ci ilin sonlarında Amerika Birləşmiş Ştatlarının dəvətini qəbul etmişdir və hal-hazirda ABŞ-ın “Virginia Commonwealth University” (VCU) universitetinin Tibb Kimyası kafedrasında professor vəzifəsində çalışır. O, həmçinin həmin universitetdə Quruluş Biologiyası mərkəzinin meneceridir.

F.Musayev 2017-ci ildə Bakıda dünya şöhrətli alimimiz Xudu Məmmədovun 90 illik yubiley tədbirlərində iştirak etmiş, aktual və maraqlı məruzə ilə çıxış etmişdir.

Hazırda Amerika Birləşmiş Ştatlarında Zülal molekulların, Zülal-DNK, Zülal-Inhibitor kompleks birləşmələrin quruluşlarının tətqiqinə ilə məşğul olur. Bu mövzuda yüksək impakt faktorlu jurnallarda (Nucleic Acids Res., Science Rep., Blood Adv., J Med Chem., Structure, Protein Science, J Mol Biol., Biochemistry, J Biol Chem., J Bacteriol., Biol Chem., etc) 60-dan çox elmi məqaləsi çap olunmuşdur. Anemiya qan xəstəliyinin tədqiqatına həsr olunmuş bir  ABŞ  patentinin müəllifidir.

F.Musayev Amerika Kristalloqrafiya (ACA) və Amerika Qabaqcil Elm (AAAS) cəmiyyətlərinin, həmçinin VCU-nun Quruluş Biologiyası, Dərman maddələrinin kəşfi və Təkmilləşdirilməsi İnstitutunun komitə üzvüdür.

Faiq müəllimi 70-illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı və yeni elmi nailiyyətlər və arzulayırıq.

JURNALLAR
Faydalı linklər