Xəbərlər
Foto
KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ AMEA GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏR ŞURASININ SƏDRİ VƏ DİGƏR İNSTİTUTLARDAKI ÜZVLƏRİ İLƏ BİRGƏ ÜMUM MİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 99-CU İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK ETMİŞLƏR
May 11, 2022 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2587 dəfə

Mayın 10-u Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə İnstitutumuzun Gənc Alimlər Şurasının üzvilərindən Nigar İbrahimova və Ülviyyə Qurbanova iştirak etmişlər.

MEK-in Akademiklər zalında baş tutan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümumilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra açılış nitqi ilə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Ulu Öndərin həyat yoluna nəzər salıb, onun Azərbaycan xalqının müasir tarixində oynadığı önəmli roldan danışıb. Natiq bildirib ki, Ümumilli lider xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan zaman Azərbaycan bir dövlət kimi yox olmaq təhlükəsi ilə üz-üzə idi. Bir tərəfdən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, digər tərəfdən hakimiyyət uğrunda mübarizə xalqın gələcəyini sual altına qoyurdu. Məhz belə bir çətin məqamda doğma xalqının səsini eşidən, imdadına çatan Heydər Əliyev Azərbaycanı çoxsaylı bəlalardan xilas etdi, ölkədə siyasi sabitlik yaratdı, iqtisadiyyatın inkişafına və ordu quruculuğuna xüsusi diqqət ayırdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə ölkədə bütün sahələrdə inkişaf nəzərə çarpmağa başladı. Xalqın rifahı yüksəldi, neft və qeyri-neft sektorunda canlanma yarandı. Azərbaycan müstəqil bir dövlət kimi beynəlxalq arenada öz sözünü deməyə, Qarabağ həqiqətlərini və Ermənistanın işğalçı siyasətini bütün dünyaya bəyan etməyə nail oldu.

Daha sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Azərbaycan ədəbiyyatında Heydər Əliyev fenomeni” adlı məruzə ilə çıxış etdi. Şəfa Əliyeva Heydər Əliyevin hələ SSRİ zamanında Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə Azərbaycan ədəbiyyatına, şair və yazıçılarımıza göstərdiyi xüsusi qayğıdan danışdı. Natiq vurğuladı ki, Heydər Əliyevin iradəsi ilə Azərbaycanın ədəbiyyat nümayəndələrinin çoxsaylı kitabları nəşr olunur, yubileyləri keçirilir, Bakıda və digər şəhərlərimizdə heykəlləri, barelyefləri hazırlanırdı. 1993-cü ildən müstəqil Azərbaycan Respublikasına rəhbərliyi zamanı Ümumilli lider bu tendensiyanı davam etdirib, tez-tez şair və yazıçılarımızla görüşüb, onların qayğıları ilə yaxından tanış olub. Şəfa Əliyeva sonda Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan ədəbiyyatının inkişafından və bu inkişafın bu gün İhlam Əliyevin rəhbərliyi altında davam etməsindən danışıb.

Tədbirdə AMEA Memarlıq və İncəsənət İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əlləz Əhmədov “Heydər Əliyevin mədəniyyət siyasəti:Milli teatrın inkişafı”, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, AMEA Fizikaİnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Behbud İbrahimov “Gəncliyin inkişafında Ulu Öndər dühası”, AMEA Şərqşünaslıq İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Müstəqillik dövründə Azərbaycanın Şərq siyasəti (Ərəb ölkələri nümunəsində)”, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə “Heydər Əliyev və Qafqazda sülh quruculuğu strategiyası” adlı məruzələrlə çıxış ediblər. Məruzələr dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, böyük siyasi xadimin xatirəsinə ehtiramlarını bildiriblər.

JURNALLAR
Faydalı linklər