Xəbərlər
Akademik Murtuza Nağıyev kimya texnologiyasında resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır
May 05, 2022 | 16:00 /
Oxunub 837 dəfə

Mayın 5-də Azərbaycanın görkəmli kimyaçı alimi, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı, akademik Murtuza Nağıyevin doğum günüdür. Murtuza Nağıyev zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr verib və kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdəndir. O, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib-hazırlayıb, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən edib. Akademikin Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksəkixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətləri olub.

Murtuza Fətulla oğlu Nağıyev 1908-ci il mayın 5-də Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub. Onun elmi fəaliyyətinin əsas istiqaməti neft kimyası və texnologiyası, kimyəvi reaksiyaların kinetika və termodinamikası idi. M.Nağıyev dünyada kimya və kimya texnologiyasında yeni bir elmi istiqamət kimi qəbul olunmuş resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır. Onun işləyib hazırladığı resirkulyasiya prosesləri nəzəriyyəsi kimya və texnologiya proseslərinin, eləcə də kimya texnologiyası kombinatlarının (KTK) ən effektli yolla intensivləşdirilməsinə imkan yaradıb. M.Nağıyevin qlobal optimallaşdırma anlayışı, məhz mürəkkəb KTK-nin optimallaşdırılmasına sistemli yanaşma nəticəsində kimyəvi proseslərin modelləşdirilməsinə ilkin təkan verib və onun bu sahədə prioritetliyi bütün dünyada qəbul olunub. Alim tərəfindən əsası qoyulmuş superoptimallıq prinsipi kimyanın klassik ənənələrindən fərqli olaraq kimya proseslərinin tədqiqinə yeni yanaşma üsulu idi. Bu da kimyəvi proseslərin aparılması üçün elə bir şərait yaradır ki, kimyəvi reaktorların yüksək məhsuldarlıqla işləməsi və tullantıların azalması mümkün olur, superoptimallıq prinsipinin istehsalatda tətbiqi qurğuların intensiv işləməsi ilə tullantısız istehsala təminat verir.

M.Nağıyev 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1944-cü ildə elmlər doktoru, 1945-ci ildə isə professor elmi adını alıb. O, 1952-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Akademik Murtuza Nağıyev Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və direktoru olub. Azərbaycan elmini müxtəlif beynəlxalq konqres, simpozium və konfranslarda uğurla təmsil edib.

Akademik M.Nağıyev tədqiqat fəaliyyətini elmi təşkilat işi ilə uzlaşdıran görkəmli alimlərdəndir. O, uzun müddət akademiyanın institutlarına rəhbərlik etməklə yanaşı, 1952-1957-ci illərdə AMEA-nın Fizika-Texnika bölməsinin akademik-katibi, 1957-1959-cu illərdə AMEA-nın vitse-prezidenti, 1961-1966-cı illərdə isə AMEA-nın baş elmi katibi olub.

Görkəmli alim 300 elmi əsərin, o cümlədən 12 müəlliflik şəhadətnaməsi və 30 fundamental monoqrafiyanın müəllifidir. Ana dilimizdə neftin texnologiyasına dair ilk dərslik onun qələminin məhsuludur. “Kimya texnologiyasında resirkulyasiya proseslərinin nəzəriyyəsi” monoqrafiyasını dünyanın bir sıra (ingilis, alman, Çin) dillərinə tərcümə edib. Alim pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Sənaye İnstitutunun (indi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya texnologiyası fakültəsində krekinq proseslərinin texnologiyası fənnini tədris edib, Bakı Dövlət Universitetinin Fiziki-kimya kafedrasına rəhbərlik edib və tələbələrə kimyəvi kinetika sahəsi üzrə mühazirələr oxuyub. Onun rəhbərliyi ilə neçə-neçə dissertasiyalar müdafiə olunub. Alim, həmçinin müxtəlif dövlət mükafatlarına layiq görülüb.

Akademik Murtuza Nağıyev 1975-ci ildə Bakıda vəfat edib.

JURNALLAR
Faydalı linklər