Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 27 Mart “Elm günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Mart 29, 2022 | 14:15 / Konfranslar, iclaslar
Oxunub 2375 dəfə

Mart ayının 29-da AMEA-nın  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 27 Mart “Elm günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan AMEA- nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, 27 mart elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. Cəmiyyətin tərəqqisini elmi nailiyyətlər olmadan təsəvvür etmək çətindir. Cəmiyyətin inkişafında, elmi biliklərin faydalı əşyalara çevirməsində, insanların rifahının yaxşılaşmasında təbiətin və ətraf mühitin qorunmasında elmin rolu danılmazdır.

Akademik qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd edilir. Bu tarix 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis olunduğu günlə eyni vaxta təsadüf edir. Elm Günü ilə əlaqədar Azərbaycanın bir çox elmi müəssisələrində və təhsil ocaqlarında müxtəlif tədbirlər – elm aylığı, elm həftəsi, sərgilər, konfrans və seminarlar keçirilir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin müxtəlif təbəqələrini elm haqqında biliklərlə sadə, populyar formada tanış etmək, elmin rolu və əhəmiyyəti haqqında bəzi destruktiv, feyk xəbərlərə aydınlıq gətirməklə cəmiyyətin tərəqqisinə inamı artırmaqdır. Elm ilə cəmiyyət arasında belə körpünün işlək olması alimlərin əməyi haqqında insanlarda düzgün məlumatın formalaşmasına xidmət edir.

Akademik Dilqəm Tağıyev bildirib  ki, respublikamızın həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, elmin inkifaf etdirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın xidmətləri böyükdür. Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyət göstərdiyi 77 il ərzində müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq şərəfli inkişaf yolu keçib. Dünya elminə böyük töhfələr vermiş Azərbaycanın bir çox korifey alimləri müxtəlif sahələrdə əldə etdikləri elmi nailiyyətlərə görə elm salnaməsinə adlarını qızıl hərflərlə yazıblar. Onların yaratdıqları elmi məktəblər mühüm elmi nəticələrin əldə edilməsində və yüksəkixtisaslı kadrların hazırlanmasında misilsiz rol oynayıb. Hal-hazırda bu məktəblərin yetirmələri Azərbaycan elminin inkişafında mühüm rol oynamaqda davam edirlər. Elm Günü münasibətilə Azərbaycanın bütün elm adamlarını təbrik edir, onlara ölkəmizin tərəqqisi naminə şərəfli, çətin fəaliyyətlərində  yeni uğurlar arzulayıram - deyə akademik çıxışını yekunlaşdırıb.

Sonra İnstitutun laboratoriya müdiri, professor Nizami Zeynalov “Ağıllı polimer gellər müasir farmokimyada - fantastika yoxsa reallıq” adlı məruzə ilə çıxış edib. Professor hidrogellər, o cümlədən “ağıllı” polimer hidrogellər, onların tətbiq perspektivləri barəsində çıxış edərək qeyd edib ki,  polimer sistemlərdə  istifadə olunan məlumatların tibbdə və biotexnologiyada üsütünlükləri ondan ibarətdir  ki, hətta xarici mühitin (pH, temperatur, ion gücü və s.) az da olsa dəyişməsinə baxmayaraq,  hidrogellərin fiziki-kimyəvi xassələrini (ölçü, yük, stabillik) ciddi nəzarətdə saxlamaq olur. Hidrogellərin əlavə üstünlükləri ondan ibarətdir ki, istər su, istərsə də toxuma mühitində  parçalanmaya məruz qalırlar  və beləliklə də istifadə müddəti bitdikdən sonra bu hidrogelləri mühitdən təmizləmək üçün əlavə prosedurlara ehtiyac qalmır. Bioloji aktiv birləşmələrin və dərman preparatlarının yüklənməsində yüksək effektli və dispersiya stabilliyinə malik hidrogellər əsasında orqanlara dərman və diaqnostik molekulların ünvanlı çatdırılmasına nəzarət olunması üçün yeni sistemlərin işlənməsinə böyük imkanlar açılır. Alim qeyd edib ki, son zamanlar rəhbərlik etdiyi “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasında bioloji aktiv birləşmələrin və dərman preparatlarının immobilizə olunması və tədqiqi üçün yeni yaddaşa malik, “ağıllı” polimer hidrogellər, həmçinin bu polimer hidrogellər mühitində metal nanohissəcikləri sintez edilmişdir. Sintez olunmuş belə polimer hidrogellərə doksorubisin (DOK), doksosiklin, levofloksasin antibiotikləri immobilizə olunmuş və bir sıra parametrlərdən asılılığı öyrənilmişdir.

Daha sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Sədri, İnstitututun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Təbiətin inciləri, smart materiallar və davamlı gələcək üçün kimya” adlı məruzəsi ilə çıxış etmişdir. O çıxışında təməli yeni qoyulan nanokimya, nanotexnologiya, ekstremal kimya, femtokimya, molekulyar maşınlar kimi sahələrin inkişafı nəticəsində əldə olunan innovativ tətbiqlərdən bəhs edib. E.Babayev eyni zamanda ana təbiətin fövqəltəbii gücü ilə meydana gətirdiyi molekullardan bəhrələnərək və bir çox hallarda onları təqlid edərək tədqiqatçı alimlərin yaratdığı yeni smart materialların bəşər övladının həyatına hansı yeniliklər gətirdiyini, texnologiyanın inkişafına olan xidmətlərin həyatımıza bəxş etdiyi rahatlıqları diqqətə çatdırmışdır. Bununla yanaşı natiq çıxışında alimlər qarşısında duran qlobal əhəmiyyətli problemlər, istiqamətlər, kataliz və materialşünaslığın prespektivləri, 2030-cu ilə kimi Milli strateji və Paris razılaşmasından irəli gələn məsələlər haqqında kimyanın və kimyaçıların qarşısında duran öhdəliklər barəsində danışmışdır. Çıxışının sonunda gənc alim “Davamlı gələcək üçün alimlərin töhfələri ilə yanaşı sağlam cəmiyyətin formalaşdırlımasının vacib olduğunu və yalnız sağlam düşüncəli fərdlərin gələcəyimizi qura və qoruya biləcəyini bildirmişdir”.

Hər iki məruzə maraqla dinlənilmiş və auditoriyada maraqlı elmi diskusiya baş tutmuşdur.

Tədbirdə Institutda son 10 ildə əsas elmi göstəricilərinin dinamikası, AMEA-nın Azərbaycan və dünya elmində mövqeyi, rolu, bu elm ocağının yarandığı gündən bu günə qədər keçdiyi şərəfli yol və s. haqqında maraqlı məlumatlar diqqətə çatdırılmışdır.

Qeyd edək ki, tədbirdə İnstitutun elmi şurasının üzvləri, AMEA Kimya Elmləri Bölməsinə daxil olan İnstitutların Gənc Alim və Mütəxəssislər Şuralarının sədr və müavinləri, institut gəncləri iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər