Xəbərlər
Azərbaycan Milli Elmlər Akademiyası yaradılmasının 77 illiyini qeyd edir
Mart 28, 2022 | 10:00 / Mühüm hadisələr
Oxunub 1500 dəfə

Cəmiyyətin tərəqqisini elmi nailiyyətlər olmadan təsəvvür etmək çətindir. Cəmiyyətin inkişafında (təhsil), elmi biliklərin faydalı əşyalara çevirməsində (innovasiya), insanların rifahının yaxşılaşmasında (bilik iqtisadiyyatı) təbiətin və ətraf mühitin qorunmasında elmin rolu böyükdür.

Bu fikirləri AzərTac-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev deyib. O bildirib ki, elmin inkişafı və onun bütün nəsillər üçün əhəmiyyəti şübhə doğurmasa da ictimai mühit ilə elm arasında qarşılıqlı əlaqə problemi müasir dövrdə öz aktuallığını saxlayır. Bunu nəzərə alaraq UNESCO-nun 2001-ci ildə keçirilmiş Baş konfransında “Sülh və inkişaf naminə ümumdünya elm günü”nün təsis edilməsi və hər il 10 noyabrda qeyd olunması qərara alınıb: “Bir çox ölkələrdə elm günü noyabrın 10-da qeyd edilsə də bəzi ölkələrin öz elm günləri var. Məsələn, Rusiyada fevralın 8-i, Ukraynada mayın 3-cü şənbə günü, Belarusda yanvarın axırıncı bazar günü, Qazaxıstanda aprelin 12-si, Türkmənistanda iyunun 12-si, Tailandda avqustun 18-i, Hindistanda isə fevralın 28-i milli elm günü kimi qeyd olunur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-si Azərbaycanda Elm Günüdür. Bu tarix 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis olunduğu günlə eyni vaxta təsadüf edir. Elm Günü ilə əlaqədar Azərbaycanın bir çox elmi müəssisələrində və təhsil ocaqlarında müxtəlif tədbirlər – elm aylığı, elm həftəsi, sərgilər, konfrans və seminarlar keçirilir. Belə tədbirlərin əsas məqsədi cəmiyyətin müxtəlif təbəqələrini elm haqqında biliklərlə sadə, populyar formada tanış etmək, elmin rolu və əhəmiyyəti haqqında bəzi destruktiv, feyk xəbərlərə aydınlıq gətirməklə cəmiyyətin tərəqqisinə inamı artırmaqdır. Elm ilə cəmiyyət arasında belə körpünün işlək olması yeni elmi meyillər və alimlərin əməyi haqqında insanlarda düzgün məlumatın formalaşmasına xidmət edir.

Akademik Dilqəm Tağıyev qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyət göstərdiyi 77 il ərzində müxtəlif çətinliklərlə rastlaşmasına baxmayaraq şərəfli inkişaf yolu keçib. Dünya elminə böyük töhfələr vermiş Azərbaycanın bir çox korifey alimləri müxtəlif sahələrdə əldə etdikləri elmi nailiyyətlərə görə elm salnaməsinə adlarını qızıl hərflərlə yazıblar. Onların yaratdıqları elmi məktəblər mühüm elmi nəticələrin əldə edilməsində və yüksəkixtisaslı kadrların hazırlanmasında misilsiz rol oynayıb. Bu məktəblərin yetirmələri Azərbaycan elminin inkişafında mühüm rol oynamaqda davam edirlər: “Azərbaycan Milli Elmlər Akademiyasında hazırda 9 min 640 əməkdaş, o cümlədən, 4 min 319 elmi işçi, 538 elmlər doktoru və 1824 fəlsəfə doktoru fəaliyyət göstərir. Bu rəqəmlərin respublika üzrə ümumi göstəricilərdən 3-3,5 dəfə az olmasına baxmayaraq AMEA Azərbaycanda həmişə fundamental və tətbiqi elmlərin generatoru rolunu oynayıb. COVID-19 pandemiyasının yaratdığı problemlərə baxmayaraq, təkcə 2021-ci ildə AMEA-nın elmi işçiləri bir sıra mühüm elmi və tətbiq xarakterli nəticələr əldə edib, 47-si xaricdə olmaqla 490 monoqrafiya və kitab, 2 min 70-i xaricdə olmaqla 6 min 640 məqalə dərc etdirib, 50 patent alıblar, 32 iş tətbiq edilib. Təbiət elmləri sahəsində minə yaxın məqalə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunub”.

UNESCO-nun qərarı ilə 2022-ci il Fundamental Elmlər İli elan edilib. Ölkələrin inkişafında fundamental elmlər lokomotiv rolunu oynayır, texnologiyaların keyfiyyətcə yeni, inqilabi inkişafına təkan verir. Fundamental tədqiqatlardan 100 faizli nəticə gözləmək mümkün deyil, lakin 10 faiz müsbət nəticə də “almaz” qədər qiymətli olur. Fundamental tədqiqatlara əsaslanmayan məhsulların və texnologiyaların yüksək rəqabətə davamlılığı praktiki olaraq qeyri-mümkündür. Ona görə də UNESCO-nun XXX Baş konfransında fundamental elm və keyfiyyətli təhsil proqramlarının dəstəklənməsi iqlim dəyişikliyi, təbiətin qorunması, qida və içməli su problemi kimi mühüm çağırışlarla birgə səsləndirilib. Bununla əlaqədar AMEA-da iqtisadiyyat üçün əhəmiyyətli, konkret praktiki hədəfli fundamental tədqiqatların yerinə yetirilməsinə daha çox diqqət yetirəcək.

Akademik vurğulayıb ki, elmin əsas missiyası cəmiyyətə xidmət etməkdir. Bu baxımdan fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlərin yerinə yetirilməsi, elmi nəticələrin praktikaya tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin onu da nəzərə almaq lazımdır ki, elmi nəticələr avtomatik olaraq inqilabi texnologiyalara çevrilmir, yeni ideyanın elmi laboratoriyadan başlayaraq bazara qədər çatdırılması zaman, maliyyə və səbir tələb edir. Son 7-8 ildə iqtisadi böhranlara baxmayaraq əksər ölkələrdə elm və texnologiyalara ayrılan vəsaitin artırılması heç də təsadüfi deyil. Təcrübə göstərir ki, elmə yanaşma praqmatik olmalıdır, elmin gəlir gətirməsi üçün ona sərmayə qoyulmalıdır. Bu məsələdə önəmli rolu dövlət sifarişləri və biznes oynaya bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı müxtəlif təşkilatların çoxsaylı sifarişləri əsasında 2021-ci il ərzində 2600 tondan çox kimyəvi məhsul istehsal edərək sifarişçilərə çatdırıb. Özünü maliyyələşdırmə prinsipi ilə fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının kimya profilli rezidentləri hazırda ölkənin daxili bazarı üçün 60-70 çeşiddə məhsul istehsal etmək imkanına malikdir.

Müasir dövrdə elmin inkişafı getdikcə daha çox müxtəlif ölkə alimlərinın kollaborasiya şəklində fəaliyyətini ön plana çəkir. Bu baxımdan dünya elminə inteqrasiyanın əsas məqamları beynəlxalq əlaqələrin daha da genişləndirilməsinə, elmi əlaqələrin qarşılıqlı maraq əsasında, yüksək səviyyədə qurulmasına, beynəlxalq meqalayihələrdə iştiraka nail olmaqdır: “2021-ci ildə xeyli gənc tədqiqatçımız ABŞ, İngiltərə, Almaniya, Fransa, Belçika, Portuqaliya və digər ölkələrin nüfuzlu elmi mərkəzlərində tədqiqatlar aparıb. Avropa Komissiyasının “Horizon 2020” proqramının “Tədqiqat və innovasiya” nominasiyası üzrə AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya və Coğrafiya institutları nüfuzlu qrant müsabiqəsində qalib olan beynəlxalq qrupun tərkibində mühüm tədqiqatları hazırda davam etdirirlər”.

Cəmiyyətin tərəqqisində elmin nə qədər mühüm rol oynamasının sübuta ehtiyacı olmasa da geniş kütlələrə elmi nəticələrin maraqlı və mümkün qədər başa düşülən şəkildə çatdırılması üçün elmin təbliğində və populyarlaşmasında yeni forma və yolların istifadəsinə ehtiyac var. İnsanlar onları əhatə edən aləm haqqında bir çox suallara cavab almağı arzu edirlər, lakin istəyirlər ki, bu cavablar sadə, onların başa düşəcəyi tərzdə olsun. Ona görə də getdikcə çətinləşən elmi nəticələr ilə cəmiyyət arasında yaranan uçurumun daha da dərinləşməməsi üçün elmin təbliğində maraqlı və təsirli vasitələrin işlənilməsinə, sual doğuran və müəmmalı görünən məsələlər haqqında populyar müsahibələrin, görkəmli alimlər haqqında xatirələrin, maraqlı tədqiqatçılarla görüşlərin mütəmadi olaraq kütləvi informasiya vasitələrində təşkil olunması vacibdir. Təsadüfi deyil ki, Çin Respublikasında elmin populyarlaşması problemləri ilə məşğul olan xüsusi elmi-tədqiqat institutu fəaliyyət göstərir.

“Alim və cəmiyyətin qarşılıqlı əlaqəsi o qədər asan məsələ olmasa da, lakin qaçılmazdır, çünki bu əlaqənin əsasında vahid maraq durur ki, o da cəmiyyətin inkişafı, tərəqqisidir, insanların həyatının yaxşılaşdırılmasıdır. 1999-cu ildə Budapeşdə keçirilmiş Ümumdünya elm konfransında belə qarşılıqlı əlaqənin nə qədər vacib olması qlobal bir problem kimi qaldırılıb. Bu məsələdə əsas məsuliyyət elm adamlarının, ziyalıların, mütəxəssislərin və kütləvi informasiya vasitələrinin üzərinə düşür.

Elm bayramında cəmiyyətimiz tərəfindən elmə və elmi mühitə yalnız işıqlı hisslərin bəslənilməsi arzu edilə bilər. Yaddan çıxarmaq olmaz ki, dünyanın ən mühüm silahı zəkadır. U.Çörçillin sözlərinə görə, gələcəyin imperiyası zəka imperiyası olacaq. İnsan beyni və şüuru dünyanın ən böyük sirlərindən biridir, onun imkanları və insan idrakının hüdudları sərhədsizdir. Bilik işıqdır, biliksizlik isə keçmişdə qalsa yaxşı olar. Az da olsa yeni bilik almaq bizi həqiqətə yaxınlaşdırır, normal fəaliyyətimizdə narahatlıq yaradan bir çox lazımsız və qaranlıq fikirlərdən azad edir. Elmin məşhur populyarizatoru Sergey Kapitsanın vaxtilə səsləndirdiyi maraqlı bir fikir var: “Həyat nağıla bənzəyir. Hər ikisi getdikcə daha maraqlı olur. Ən böyük möcüzə isə odur ki, biz yaşayırıq və gələcək naminə nə isə etməyə çalışırıq”. Elm Günü münasibətilə Azərbaycanın bütün elm adamlarını təbrik edir, onlara ölkəmizin tərəqqisi naminə şərəfli, çətin və gələcək naminə fəaliyyətdə yeni uğurlar arzulayırıq”, - deyə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev qeyd edib.

JURNALLAR
Faydalı linklər