Xəbərlər
Video
Gənc alimlərin elmə olan marağı
Mart 05, 2022 | 11:28 / Görüşlər
Oxunub 2450 dəfə

 

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev və Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Günel Orucova İctimai TV-nin “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olublar.

Azərbaycanda gənclərin elmə marağının artırılması məsələlərinə həsr olunan müzakirədə gənc alim olmağın düsturu, dissertasiya işlərinin hazırlanması zamanı rast gəlinən problemlər, gənc alimlərdən gələcək gözləntilər və s. kimi mövzulara dair fikir mübadiləsi aparılıb.

Gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən aparıcı qüvvə olduğunu deyən gənc tədqiqatçılar onların elmdə uğur qazanması üçün ilk növbədə, elmə böyük həvəs göstərməsinin vacibliyinə toxunublar. Bununla yanaşı, beynəlxalq istinad indeksli jurnallarda məqalələrin çap olunmasının da Azərbaycan alimlərinin beynəlxalq aləmdə nüfuz qazanmasına şərait yaratdığını vurğulayıblar.

Qeyd olunub ki, gənclərin innovativ fəaliyyətlə məşğul olmaları üçün müasir tələblərə cavab verən laboratoriyaların sayı artırılmalı və bu laboratoriyalar mütəmadi olaraq təkmilləşdirilərək aparıcı elmi mərkəzlərə çevrilməlidir.

Verilişdə E.Babayev kimya və fizika elmlərində rast gəlinən qlobal miqyaslı problemlərdən bəhs edib, müdafiə etdiyi dissertasiya işinin də məhz bu kimi problemlərə həsr olunduğunu bildirib.

Gənc alimlər, həmçinin gələcək tədqiqat istiqamətlərindən, hədəflərdən bəhs ediblər.

 

 

 

JURNALLAR
Faydalı linklər