Xəbərlər
Foto
Ermənilərin üstündən bu ləkə heç vaxt silinməyəcək...
Fev 25, 2022 | 14:26 / Konfranslar, iclaslar
Oxunub 2629 dəfə

AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 26 fevral - Xocalı soyqırımının 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev bu günki tarixin xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Belə ki, üstündən 30 il keçməsinə baxmayaraq, Xocalı hadisəsi hələ də yaddaşlardan silinməmiş və heç vaxt silinməyəcəkdir. Lakin ermənilərin də üstündən bu qanlı ləkə heç vaxt silinməyəcək. Xocalı xalqımızın qan yaddaşına həkk edilmiş soyqırımdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə artıq bir neçə ay mühasirədə saxlanılan Xocalı ermənilər və 366-cı moto-atıcı alayın hərbi birləşmələri tərəfindən işğal olundu, əliyalın, dinc əhaliyə amansız divan tutuldu. Qaniçən düşmənlər 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfəri qəddarlıqla qətlə yetirdilər. Faciədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, onlardan 76-sı uşaq olmaqla 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər Xocalı sakini itkin düşmüşdür. Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur. Çox təəssüf ki, bu hadisə gizlədilməyə çalışıldı və yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edildi. Sənəddə Xocalı hadisəsi, onun başvermə səbəbləri və əli qanlı günahkarları müfəssəl olaraq qeyd edildi. Lakin bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasının və başqa mühüm tədbirlərin əhəmiyyəti vurğulandı.

Daha sonra iclas iştirakçıları ayağa qalxaraq bir dəqiqəlik sükutla Xocalı qurbanlarının xatirəsini yad edərək vəhşicəsinə qətlə yetirilmiş günahsız soydaşlarımızın ruhuna ehtiramlarını ifadə etdilər.

İnstitutun icraçı direktoru, AMEA-nın müxbir-üzvü Məhəmməd Babanlı çıxışında Xocalı soyqırımının ən yeni tariximizin qara səhifəsi, dünya tarixində görünməmiş faciəvi günlərindən biri olduğunu qeyd etdi. Bu 30 ildə Xocalının günahsız qurbanları nəinki unudulmamış, əksinə xalqımızı düşmən qarşısında daha da birləşdirmişdir. Ermənilər uzun tarixi dövr ərzində xalqımıza qarşı kin və nifrət bəsləmişlər, Xocalı soyqırımı isə bunun ən qanlı təzahürüdür. Lakin bizim xalqımız və dövlətimiz zaman keçdikcə güclənmiş və yaranmış tarixi şəraitdən düzgün istifadə edərək torpaqlarımızı düşmən tapdağından azad etmişdir. Bu gün dünyada baş verən hadisələr dövlət başçımız cənab İlham Əliyevin siyasətinin müdrik olduğunu və zamanında doğru və adekvat addımlar atdığını bir daha sübut edir. Akademiyada, həmçinin digər təhsil və elm ocaqlarında çalışan ziyalı təbəqə dövlət siyasətini dəstəkləyir, ölkəmizin siyasət və iqtisadiyyatının yüksələn xətlə inkişaf etməsini arzu edir.

Həmkarlar təşkilatının üzvü Elza Salahova, Qadınlar Şurasının sədri Esmira Quluzadə qeyd etdilər ki, bir Azərbaycan xanımı və anası üçün Xocalı soyqırımı çox ağrılı, acılı və dəhşətli xatirədir, lakin hər Azərbaycan xanımının öz övladlarına, onların qan yaddaşına Xocalı faciəsi kimi tarixi həqiqəti köçürmək kimi vətəndaşlıq borcu var. Çünki, düşməni unutmaq, ona yenidən etibar etmək gələcəkdə xalqımızın bir daha arxadan zərbə almasına yol aça bilər.

Sonda iclas içtikrakçıları belə bir faciəvi soyqırımın Azərbaycan xalqının başına bir daha gəlməməsini, Xocalı soyqırımını törədənlərin gec-tez ədalət mühakiməsi qarşısına çıxmasını, öz dəhşətli cinayətlərinə görə cavab verməsini arzu etdilər.

Allah rəhmət eləsin!

JURNALLAR
Faydalı linklər