Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşının həmmüəllif olduğu məqalə Q1 kateqoriyalı “npj Quantum Materials” jurnalında dərc olunub
Fev 25, 2022 | 13:04 / Nəşrlər
Oxunub 1591 dəfə

Kataliz və Qeyri-üzvi kimya institutunun əməkdaşı, AMEA-nın müxbir üzvü, prof. Məhəmməd Babanlının bir qrup azərbaycanlı alimlərlə və xarici kollaboratorlarla birgə həmmüəllif olduğu “Native point defects and their implications for the Dirac point gap at MnBi2Te4(0001)” adlı elmi məqalə Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan Q1 kateqoriyalı “npj Quantum Materials” jurnalında dərc olunub.

Məqalədə MnBi2Te4 antiferromaqnit topoloji izolyatorunun monokristalının səthi kristal və elektron quruluşlarının skanedici tunel mikroskopiyası (STM) və buqac ayırdetməli mikrolazer fotoemissiya spektroskopiyası (ARPES) üsulları ilə tədqiqinin nəticələri verilir. STM mənzərələri səthdə təbii nöqtəvi defektlər olmasını sübut edir. Bu defektlər BiTe laylarında bismutun müəyyən qədər manqanla əvəz olunması ilə əlaqələndirilir. Tədqiq olunan nümunələrdə Mn®Bi əvəzləmələrinin olması həmçinin rentgenoqrafik üsulla təsdiq olunur. Təcrübələr göstərir ki, topoloji səth halının Dirak nöqtələri arasında boşluqlar müxtəlif nümunələrdə fərqlidir və bu Mn®Bi əvəzləmələrilə əlaqədardır.

Alınmış nəticələr MnBi2Te4 birləşməsində Dirak nöqtəsi boşluğu ilə bağlı hazırda dünya ədəbiyyatında aparılan müzakirələr baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, “npj Quantum Materials” jurnalında yer alan məqalə beynəlxalq müştərək tədqiqatların nəticəsi olaraq hazırlanıb. Bu jurnalda kvant materialları sahəsində mühüm nəticələri özündə əks etdirən yüksək keyfiyyətli məqalələr dərc olunur. Jurnal məşhur “Springer Nature” nəşriyyatında çap olunur və “Clarivate Analytics” bazasında impakt faktoru 8.913-dır.

M. Garnica, M. M. Otrokov, P. Casado Aguilar, I. I. Klimovskikh, D. Estyunin, Z. S. Aliev, I. R. Amiraslanov, N. A. Abdullayev, V. N. Zverev, M. B. Babanly, N. T. Mamedov, A. M. Shikin, A. Arnau, A. L. Vázquez de Parga, E. V. Chulkov and R. Miranda. Native point defects and their implications for the Dirac point gap at MnBi2Te4(0001) // npj Quantum Materials (2022) 7:7 ; https://doi.org/10.1038/s41535-021-00414-6

JURNALLAR
Faydalı linklər