Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbələrinin istehsalat təcrübəsi başladı.
Fev 24, 2022 | 14:00 / Təhsil
Oxunub 1494 dəfə

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin “Kimya” ixtisası üzrə IV kurs tələbələri AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsinə “Kimya” ixtisası üzrə IV kurs tələbələri cəlb ediliblər. Onların may ayının 25-dək bir neçə qrup üzrə təcrübə keçməsi planlaşdırılır. Pandemiya ilə əlaqədar karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində İnstitutun laboratoriyalarında son illərdə alınan cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi tədqiqat üsulları ilə, laboratoriyalarda aparılan elmi-tədqiqat işləri ilə tanış olacaqlar. Tələbələr üçün qeyri-üzvi materialşünaslıq və kataliz sahəsində institutda prioritet istiqamətlər üzrə yerinə yetirilən elmi tədqiqatlar və əldə olunan mühüm nəticələri ilə bağlı seminarların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu elmlə təhsilin inteqrasiyası istiqamətində bir sıra ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa-Azərbaycan Universiteti(UFAZ), M.V.Lomonosov ad. Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıq edir. Belə ki, qarşılıqlı təcrübə mübadiləsi olaraq, birgə magistr hazırlığı yerinə yetirilir, bakalavr tələbələrin və SABAH qruplarının təcrübə keçməsi təmin olunur.

JURNALLAR
Faydalı linklər