Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gələcək bizik” adlı tədbir keçirilib.
Fev 02, 2022 | 16:03 / Konfranslar, iclaslar
Oxunub 2579 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda müəssisənin gənclərinin iştirakı ilə Gənclər Gününə həsr olunmuş “Gələcək bizik” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq, Gənclər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Akademik qeyd edib ki, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti ölkə gəncliyinin inkişafında mühüm rol oynamışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və hər il bu gün böyük təntənə ilə qeyd edilir. Bu gün əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasəti cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin 2011-ci il 7 iyul tarixli “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2015-ci il 26 tarixli “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamları gənclərə dövlət səviyyəsində diqqət və qayğının bariz nümunəsidir. Bu strategiya Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, gənc nəslin problemlərinin həlli və s. kimi məsələləri əhatə edir.

Akademik qeyd edib ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar və hər bir vətənpərvər azərbaycanlı fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Hazırda gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfələr verirlər. Paralel olaraq gənc alimlərimiz müxtəlif elm sahələrində əzmlə çalışır və elmi potensialımızı gücləndirirlər. Sevindirici haldır ki, bu gün gənclərimiz xarici ölkələrdə respublikamızı layiqli təmsil edirlər. Belə ki, hazırda xaricdə 400-dən çox universitetdə azərbaycanlı gənclərimiz təhsil alır. Ötən il İnstitutun doktorantı Aynurə Rzayeva Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi çərçivəsində birgə doktorantura üzrə təqaüd proqramının qalibi olmuşdur. Həmin proqram çərçivəsində Aynurə Rzayeva iki il müddətində Monpelye Universitetinin Aqro polimer mühəndisliyi və yeni texnologiyalar birgə tədqiqat birliyi laboratoriyasına ezam olunmuşdur.

Akademik bildirib ki, hazırda İnstitutda və ümumilikdə Akademiyada gənclərin elmi fəaliyyətlərinin inkişafı üçün münbit şərait vardır və elmi gənclik bundan yararlanmalı, təhsillərini fasiləsiz magistratura və doktorantura pillələrində davam etdirməli, gənc yaşlarında fəlsəfə doktorluğu və elmlər doktorluğunu müdafiə etməlidirlər. Eyni zamanda gənclərimiz xarici ölkələrin

elm mərkəzləri ilə əlaqədə olmaq, dünya elminə inteqrasiya etmək, müxtəlif təqaüd proqramlarında iştirak etmək üçün xarici dilə mükəmməl yiyələnməlidirlər. Mən bir daha gənclərimizi ürəkdən təbrik edirəm. Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Hər birinizə uğurlar arzulayıram!

Sonra AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev “Gənc Alim və Mütəxəssislər Şurasının AMEA-nın və ölkənin elmi gəncliyinin inkişafında rolu” mövzusunda məruzə ilə çıxış edib. O, Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, AMEA-nın 42 elmi təşkilat və müəssisəsində fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası təxminən 2500 gənci əhatə edir. Qeyd edib ki, Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən elmin ölkə üzrə gənclər arasında populyarlaşdırılması istiqamətində xeyli işlər görülüb, istedadlı gənclərin elmə cəlb edilməsi məqsədilə son illər ərzində paytaxt və regionlarda yerləşən ümumtəhsil ocaqlarında elmi-əyləncəli-öyrədici müsabiqələr təşkil olunub, bir neçə beynəlxalq konfrans və vebinar keçirilib. Şura sədri bildirib ki, bu gün gənclər Azərbaycanın elmi-mədəni və ictimai həyatında böyük rola malikdir və onlar ölkəmizin taleyüklü məsələlərinin həll olunmasında yaxından iştirak edirlər. O, qeyd edib ki, bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşaraq, hərbi qələbəmizi şərtləndiriblər. Bu, böyük tarixi qələbədir. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır. Gənclərimiz 44 günlük müharibədə döyüşlərdə iştirakla yanaşı, eyni zamanda arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, erməni faşistlərin torpaqlarımızda törətdikləri vəhşilikləri müxtəlif vasitələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında aktiv iştirak ediblər.

Sonra tədbirdə İnstitutun doktorantı Ülviyyə Qurbanova maraqlı çıxış ilə gəncləri təbrik etmişdir. O öz çıxışında gənc yaşda nəaliyyətləri ilə fərqlənən dünya şöhrətli alimləri misal göstərərək gənclərimizi elm yolunda inamlı və qətiyyətli olmağa səslədi.

Daha sonra tədbirdə 2021-ci ildə elmdə qazandıqları uğurlara görə İnstitutun gəncləri Elnur Oruclu və Nigar İbrahimova Fəxri fərmanla təltif olunmuşdur. Sonra Gənclərin təbriki adlı videorolik nümayiş olunmuşdur. Nümayişdə AMEA-nın Kimya İnstutlarının gənclərinin təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda gənclər arasında maraqlı viktorina keçirilmiş və qaliblərə hədiyyələr təqdim olunmuşdur.

JURNALLAR
Faydalı linklər