Xəbərlər
Elmin zəfər yolu
Yan 21, 2022 | 21:00 / Yubileylər
Oxunub 1664 dəfə

Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulursa, onu öyrənən elm də bu prinsiplərə sadiq qalmalıdır. Bu sadiqliyi biz elmin əməklə birliyinin təcəssümü olaraq düşünürük. Onu qorumaq və yaşatmaq üçün isə insan fikirləşmədən öz içində yaşayanları aşkar edə bilməz, deyirlər. Yəni elmin əməyə, əməyin əmələ, əməlin dürüstlüyə söykənməsi və bu yolda olan fikir-inam-axtarış insanın daxilində bir varlığa çevrilir. Bu varlıq inamla dünyanın müqəddəsləşdiyini dərk edir. Keçdiyin yol, yaşadığın ömür sənin kim olduğunu deyir. Böyük filosof Əbu Turxan yazırdı: “Alimin tanınması üçün onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun”. Bu günlərdə 70 yaşı tamam olacaq görkəmli kimyaçı alim, ziyalı bir nəslin nümayəndəsi Məhəmməd Baba oğlu Babanlı elmin məhz belə cəfakeşlərindəndir.               

Məhəmməd Babanlı 1952-ci ildə təhsil fədaisi Baba Babanlının ailəsində dünyaya göz açmışdır. 1968-ci ildə orta məktəbi gümüş medalla, 1973-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Fiziki və kolloid kimya kafedrasında aspiranturada saxlanmışdır. 1974-1976-cı illərdə yarımkeçirici sistemlərin kimyası və termodinamika sahəsində namizədlik dissertasiyası yerinə yetirmiş və 1977-ci ildə Belarus Dövlət Universitetində müdafiə etmişdir.

M.B.Babanlı 1977-2014-cü illərdə Bakı Dövlət Universitetində (BDU) işləmiş, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış, 1983-cü ildən müəllim, 1986-cı ildən isə dosent olmuşdur.

1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Talliumun üçlü yarımkeçirici xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1986-1991-ci illərdə BDU-nun Kimya fakültəsinin elmi işlər üzrə dekan müavini kimi fəaliyyət göstərmiş, 1989-cu ildə Fiziki və kolloid kimya kafedrasının professoru olmuş, 1990-cı ildə isə professor elmi adı almışdır.

1992-1994-cü illərdə BDU-nun axşam və qiyabi təhsil üzrə prorektoru, 1994-2002-ci illərdə isə elmi katibi vəzifələrində çalışmışdır. 1994-2005-ci illərdə BDU-nun Ümumi və qeyri-üzvi kimya kafedrasının müdiri, 2006-cı ildən 2014-cü il martın sonunadək isə həmin kafedranın professoru olmuşdur.

Məhəmməd Babanlı 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

2014-2021-ci illərdə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir, 2021-ci ilin avqust ayından isə həmin müəssisənin icraçı direktorudur. O, eyni zamanda 2015-ci ildə İspaniyanın Donostia Beynəlxalq Fizika Mərkəzi ilə müştərək yaradılmış Kvant kompütinqi və spintronika üçün qabaqcıl materiallar beynəlxalq laboratoriyasının elmi rəhbəridir.

M.Babanlı funksional xassələrə malik mürəkkəb qeyri-üzvi sistemlərin kimyası, termo­di­na­mikası və materialşünaslığı sahəsində tanınmış mütəxəssisdir. O, çoxkomponentli qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin komp­leks tədqiqi üçün yeni rasional yanaşma təklif etmiş, onun nəzəri və metodoloji aspektlərini hazırlayaraq geniş şəkildə reallaşdırmışdır. Apardığı sistemli fundamental tədqiqatlar nəticəsində perspektivli yarımkeçirici, topoloji izolyator, termoelektrik, fotoelektrik, superion keçirici və digər funksional xassəli materiallar kimi praktiki əhəmiyyət kəsb edən yeni sinif birləşmələr və qeyri-ste­xiometrik fazalar aşkar etmiş, onların istiqamətli sintezinin elmi əsaslarını yaratmışdır.

M.Babanlı 1000-dən artıq elmi əsərin, o cümlədən, 4 monoqrafiyanın, ali məktəblər üçün 12 dərslik və dərs vəsaitinin, 550-dən artıq  məqalənin və 5 patentin müəllifidir. 300-dən artıq məqaləsi “Web of Science” və “Scopus” elmimetrik bazalarına daxil olan beynəlxalq elmi jurnallarda, o cümlədən yüksək impakt faktorlu “Nature”, “Nature Communications”, “ASC Nano”, “Nano Letters”, “Quantum materials”, “Physical Review Letters”, “Physical Review B”, “Scientific Review”, “Solid State Chemistry”, “Journal of Alloys and Compounds”, “Journal of Thermal Analysis and Calorimetry” və s. jurnallarda çap edilmişdir.

Professor Məhəmməd Babanlının elmi məlumat bazalarındakı göstəricilərinə (oktyabr, 2021) diqqət edək:

-   “Researchgate”:  RG Score - 40.82, h-indeks - 23, əsərlərinə istinadların sayı - 2928;

-   “Google Scholar”: h-indeks - 36, i10-indeks - 114, əsərlərinə istinadların sayı - 4900.

M.Babanlının elmi-tədqiqat layihələri bir sıra beynəlxalq və respublika qrantlarına layiq görülmüşdür.

Alim elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərir. Onun elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 36 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. Yetişdirdiyi elmi kadrlar ara­sında Suriya, Vyetnam, Cənubi Koreya, İran və Əfqanıstan vətəndaşları da vardır.

Kimyaçı alim respublikamızın elmi-ictimai həyatında da fəal iştirak edir. Müxtəlif illərdə Azərbay­can Respublikasının Prezidenti yanında Ali Attestasiya Komis­siyasının Kimya üzrə Ekspert şurasının üzvü, sədr müa­vini və sədri, BDU-nun Elmi şurasının, bir sıra Dissertasiya şuralarının üzvü olmuşdur. Hazırda o, “Azərbaycan Kimya Jurnal”ının, həmçinin “Web of Science” və “Scopus” bazalarına daxil olan “Russian Journal of Inorganic Chemistry”, “Turkish Journal of Chemistry”, “Condensed  Matter  and  Interphases”, “Physics and Chemistry of Solid State”, “New Materials, Compounds and Applications” və “Chemical Problems” jurnallarının redak­siya heyətlərinin üzvüdür.

Bundan əlavə, Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür.

2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə, REA-nın Rəyasət Heyəti tərəfindən mükafat və diplomla təltif edilmişdir. 2016-cı ildə “Thomson Reuters” şirkəti tərəfindən ən çox istinad olunan görkəmli elmi məqaləyə görə, xüsusi mükafata layiq görülmüşdür. 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. “Russ.J.Inorg.Chem” jurnalında 2019 və 2020-ci illərdə ən çox istinad olunan məqalələr müsabiqələrinin qalibi kimi diplomlarla təltif edilmişdir.

M.Babanlı elmi nailiyyətlərinə görə, bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, AMEA-nın Kimya Elmləri Bölməsinin və BDU-nun Fəxri fərmanları ilə təltif olunmuşdur.

Professor Məhəmməd Babanlı hər gün yaradıcılıq axtarışında, hər gün yeniliyin sorağındadır. Bu gün həyatının gözəl astanasında yaşayan və mübarizə edən görkəmli kimyaçı alimə qarşıdan gələn illərdə yaradıcı ömür və cansağlığı diləyirik.

Sərvan KƏRİMOV, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin Dövri nəşrlər sektorunun baş mütəxəssisi, “Elm və həyat” jurnalının məsul katibi

JURNALLAR
Faydalı linklər