Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb
Yan 18, 2022 | 12:32 / Konfranslar, iclaslar
Oxunub 2366 dəfə

Yanvarın 18-də AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 32-ci il dönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş nitqiylə açan İnstitutun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu xüsusi vurğulayıb və qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün idi.

Məhəmməd Babanlı bildirib ki, artıq biz ikinci ildir ki, ərazi bütövlüyünü təmin etmiş ölkənin vətəndaşları kimi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edirik. 20 yanvar şəhidlərinin ruhu indi şaddır. 8 noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə daxil olub, çünki bu gündə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulub. Azərbaycanın müzəffər Ordusu Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qələbə qazandı. 44 günlük müharıbədə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı.

Sonra İnstitutun Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, mühəndis Sima Əliyeva və başqaları 20 Yanvar faciəsi barəsində danışıb, bu qanlı hadisənin heç vaxt unudulmayacağını bildiriblər. Qeyd olunub ki, faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi. Sonda bildirilmişdir ki, həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən, dövlətimizin ərazi bütövlüyü yolunda canından keçən, hər birimizə sevinc və qürur hissləri yaşadan qəhrəman şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq və həmişə dərin ehtiramla yad ediləcək.

İclasın sonunda şəhidlərin əziz xatirəsinin 20.01.2022 –ci il tarixində saat 12:00 –da ziyarət olunacağı elan edildi.

JURNALLAR
Faydalı linklər