Xəbərlər
Azərbaycan kimya elminə ağır itki üz verib
Dek 29, 2021 | 13:32 / Konfranslar, iclaslar
Oxunub 1793 dəfə

Görkəmli kimyaçı alim AMEA akad.M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Biomimetik kataliztorlar üçün üzvi liqadların sintezi” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Sərdar Bahadur oğlu Zeynalov 29.12.2021-ci ildə vəfat etmişdir. Sərdar Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlər Pedaqoji İnstitutunun kimya fakültəsini bitirmiş, 1973-1975-cü illərdə orta məktəbdə müəllim işləmiş, 1975-1979-cu illərdə Azərbaycan Elmlər Akademiyası Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) aspiranturasında oxumuşdur. 1979-1981-ci illərdə həmin institutda kiçik elmi işçi, 1981-1991 illərdə böyük elmi işçi, 1991-ildən  indiyə kimi laboratoriya müdiri vəzifəsində çalışmışdır.

1979-ci ildə “Etilen və propilen qlikolların tsikloheksil efirləri və onların törəmələrinin  alınması və işlənməsi” mövzusunda namizədlik, 1991-ci ildə isə “Alitsiklik sırası qlikolların sadə efirləri, onların çevrilmələri və tətbiqi” mövzusunda  “Neft -kimyası” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

O, 1991-2019-cu illərdə “Üzvi kimya” ixtisası üzrə Koordinasiya Şurasının üzvü,2005–2007-ci illərdə  –Azərbaycan Neft Akademiyasında “Kinetika və kataliz” və “Üzvi kimya” ixtisasları üzrə Dissertasiya Şurasının nəzdində seminarın sədri, 2015–2018-ci illərdə Ali Attestasiya Komissiyasında Ekspert Şura­sının üzvü,2019-cu ildə isə Azərbaycan Respublikasının Pre­zi­denti yanında Ali Attestasiya Komissi­yasında Kimya elmi sahəsi üzrə Ekspert Şurasının sədri işləmişdir.

Onun tərəfindən 200-dən çox epoksid, çoxfunksiyalı və makrotsiklik  birləş­mələr  sintez edilmiş, epixlorhidridlərin aromatik turşularla, oksiturşularla, aminlərlə və aminoturşularla reaksiyasının mexanizmi və kinetikası tədqiq edilmişdir. Alınan birləşmələr plastifikator, sürtkü yağlari, lakboyaları və yapışdırıcı kompozisiya, bioloji aktiv və ətirli maddələr kimi tətbiqə tovsiyə olunmuşdur.

O, 200-dən çox elmi əsərlərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun rəhbərliyi ilə 7 kimya üzrə fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlanmışdır.

Professor Sərdar Zeynalov 2016- cı ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.

 

Allah rəhmət eləsin!

JURNALLAR
Faydalı linklər