Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Həmrəylik Gününə həsr olunmuş “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir.
Dek 27, 2021 | 17:01 / Konfranslar, iclaslar
Oxunub 3396 dəfə

27.12.2021- ci ildə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda bu təşkilatın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Gənc Kimyaçıların Görüşü” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Dilqəm Tağıyev açaraq gəncləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Akademik AMEA Gənc Alim və Mütəxəssislər Şurasının indiyə qədər fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayaraq bildirdi ki, yeni seçilən idarə heyəti və onun sədrindən gözləntilərimiz çoxdur. Dilqəm Tağıyev qeyd edib ki, hazırda elmə marağı olan gənclərin yetişdirilməsində AMEA geniş imkanlara malikdir, institutda gənc tədqiqatçıların yüksək səviyyədə elmi araşdırmalar aparmaları üçün onlara hər cür şərait yaradılıb. Akademik ölkə başçısının gənclər siyasətinə uyğun olaraq respublika səviyyəsində gənclərə göstərilən hərtərəfli diqqət və qayğının, onlara verilən geniş imkanların gənclərin inkişafına, onların potensial qüvvəsindən səmərəli istifadə olunmasına, hər gün yeni nailiyyətlər qazanmasına geniş şərait yaradır. Akademik gənclərə yaradılan şəraitdən maksimum yararlanmağı, qrant layihələrində, xaricdə təhsil proqramlarında iştirak etməyi, xarici dilləri yüksək səviyyədə mənimsəməyi tövsiyə etdi.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayevin spikerliyi ilə davam edən tədbirdə “Ltscientific” şirkətinin texniki meneceri İsmayıl Qarazadə “Kimyəvi analizlərdə istifadə olunan cihazlara tələbat və  onların sıradan çıxmasına təsir edən faktorlar”, ADNSU-nun tələbəsi Aygün Hüseynzadə “Neft-kimya məhsulları və ətraf mühit amili”, AMEA Aşqarlar Kimyası institutunun əməkdaşı Mir Əli İsakov“Teta dalğaların insan kimyasına təsiri”, ChampionX şirkətinin sahə rəisi Orxan Hacıyev "Müasir dövrdə sənayenin inkişafında kimyaçıların rolu", BDU-nun magistrantı Aysel Nəbiyeva “Karbonun vəsiyyəti” elmi və elmi-populyar mövzularda məruzələrlə çıxış etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı, iştirakçıların çoxsaylı sualları cavablandırıldı.

Sonda AMEA İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev qonaqlara dəvətlərini qəbul edib gəldiyinə görə təşəkkür etdi. O qeyd ki, dünya azərbaycanlılıarının həmrəylik günü fəlsəfəsi ilə səsləşən belə tədbirlərin  keçirilməsi və qarşılıqlı görüşlərin  təşkili gənclər üçün elmi əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından faydalıdır. 

Qeyd edək ki, tədbirdə AMEA- nın Aşqarlar Kimyası, Polimer Materialları, Neft-Kimya Prosesləri, Radiasiya Problemləri İnstitutları, ADNSU, BDU, Azərbaycan Kimya Cəmiyyəti, AQTİ, LTscientific, CMT group EPO kimya, Evrika liseyi və s. təşkilatları təmsil edən gənclər iştirak etmişlər.

JURNALLAR
Faydalı linklər