Dek 23, 2021 | 18:00 / Konfranslar, iclaslar
AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 13 üzvü (distant və əyani formada) iştirak etmişdir. İclasda 2303.01 – "Qeyri-üzvi kimya" və 2316.01 “Kimyəvi kinetika və kataliz” ixtisaslarında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün İnstitutun doktorantları Ağayev Fuad Allahverdi oğlunun “Alifatik spirtlərin oksidləşmə reaksiyaları üçün seolitlər əsasında məqsədyönlü katalizatorların sintezi və aktivliklərinin öyrənilməsi” və Oruclu Elnur Nəcəf oğlunun “SnTe-MnTe-Sb(Bi)2Te3 sistemlərində maqnit xassəli yeni topoloji izolyator fazalarının alınması, tədqiqi və multi 3D-modelləşdirilməsi” mövzularında dissertasiya işlərinin müzakirəsi keçirilmişdir. İddiaçılar dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdilər. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər işlər haqqında geniş məlumat verdilər. Dissertasiya işlərinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. Sonra Fuad Ağayevin elmi rəhbəri akademik Ağadadaş Əliyev və Elnur Oruclunun elmi rəhbəri AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Məhəmməd Babanlı çıxış etdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticələr Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.