Xəbərlər
Foto
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2021-ci ildə mühüm elmi nəticələr əldə edilib.
Dek 21, 2021 | 15:24 / Konfranslar, iclaslar
Oxunub 2742 dəfə

Dekabrın 21-də Kataliz və Qeyri-üzvi Kimya İnstitututun Elmi Şurasının 2021-ci il üçün yekun iclası keçirilmişdir. İclasın gündəliyində İnstitutun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti, qarşıda duran vəzifələr və cari il üçün elmi-tədqiat işlərinin təsdiqi kimi məsələlər dururdu.

İclası İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq  Azərbay­can Res­publikası Prezidentinin  “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” və “Dok­torantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magistraturasında təhsil alan tələbələrin təqaüdlərinin artırılması haqqında” sərəncamla­rı ilə tanış edərək bu sərəncamların alimlərin və gənclərin gələcək elmi-tədqiqat işlərin­də yüksək fəallıqla iştirak etməsinə böyük stimul yaradacağını iclas iştirakçılarının nəzə­­rinə çatdırdı.

Sonra akademik Dilqəm Tağıyev Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 2021-ci ildə əldə olunmuş mühüm elmi nəticələr haqqlnda iştirakçıları məlumatlandıraraq qeyd etdi ki, İnstitutunun əməkdaşları bu il səmərəli elmi fəaliyyət göstərərək 3 problem: “Azərbaycan mineral xammalının kompleks emal texno­logiyasının  işlənilməsi və yüksək texnologiyalar üçün unikal xassəli yeni qeyri-üzvi materialların alınması”, “Kimya və neft kimyası sənayeləri üçün yeni və səmərəli katalitik sistemlərin yaradılması” və “Texnoloji proseslərin modelləşdirilməsi və optimallaşdırılması” üzrə tədqiqatlar aparmışlar. Hesa­bat ilində iş planına uyğun olaraq 8 mövzu və 34 iş çərçivəsində icra olunan tədqiqat işləri Kimya Elmləri Bölməsinin prioritet istiqamətləri üzrə yerinə yetirilmiş, tədqiqatların nəticələri 5 monoqrafiya, 2 dərslik, 161 məqalə, 149 tezis şəklində çap edilmişdir.

Hesabat ilində xarici ölkə jurnallarında 96 məqalə çap olunmuşdur. Məqalələrin 99-u Web of Science bazasına daxil olan jurnallardadır. Clarivate Analytics bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda  çap olunan məqalələrdən  6-sı Q1, 2-si Q2, 26-si Q3, 6-si isə Q4 qrupuna daxil edilmişdir. Daha 42 məqalə Scopus və 26 məqalə digər bazalara daxil olan impakt faktorlu jurnallarda çap olunmuşdur.

İnstitutda nəşr olunan “Azerbaijan Chemical Journal” və “Chemical Problems” jur­nalları 2021-ci ildə Scopus bazasında olan jurnallar sırasına daxil edilmişlər ki, bu da İnstitutun elmmetrik göstəricilərinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə dəstək ola­caqdır.

Hibrid və online rejimdə baş tutan beynəlxalq konfransların materiallarında İnstitut əməkdaşlarının 103 tezisi çap olunmuşdur. İnstitutun Gənc alimlər və mütəxəssislər Şurasının təşkilatçılığı ilə xaricdə yaşayan azərbaycanlı kimyaçı alimlərlə vebinar və seminarlar keçirilmişdir.

2021-ci ilin 11 ayı ərzində İnstitut əməkdaşlarının məqalələrinə 1200-dən yuxarı is­ti­­nad­lar edilmişdir.

İnstitutda çap olunan monoqrafiyalardan biri “Generis Publişinq” nəşriyyatında (Mol­do­va) çap edilmişdir, “İntech Open” nəşriyyatında (Böyük Britaniya) çap olunan “Nano- və mikrokapsulyasiya, Metodlar və tədbiqlər” adlı 9 fəsildən ibarət kitabın 7-ci fə­sli İnstitutun alimləri tərəfindən yazılmışdır, bir dərslik isə Moskvada çap olunmuşdur.

Hesabat ilində İnstitutun əməkdaşları 9 patent almış və patent almaq üçün 5  iddia sənədi Əqli Mülkiyyət Agentlyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyini almışlar.

İnstitutun bağladığı təsərrüfat müqavilələri nəticəsində 115 000,00 manat büdcə­dən kənar vəsait İnstitutun maliyyə hesabına daxil olmuşdur ki, onun da 11 500,00 ma­na­tı AMEA-nın İnnovasiya Fonduna köçürülmüşdür.

Cari ildə İnstitutda 3 Beynəlxalq qrant-Horizon 2020(1) və Rusiya Fundamental Təd­­­qi­qatlar Fondu (2) çərçivəsində tədqiqatlar davam etdirilmişdir. Socar və Elmin İnki­şafı  Fondunun 8 qrantı üzrə də tədqiqatlar davam etdirilir. Daha 2 layihə Gənc Alim və Tədqiqatların 5-ci qrant müsabiqəsinin qalibi olmuşlar.

2021-ci ildə elan edilmiş SOCAR-ın növbəti qrant müsabiqəsinə İnstitut əmək­daşları 10 layihə, Azərbaycan-Belarus qrant müsabiqəsinə isə 3 layihə təqdim etmişlər.

Hesabat ilində əldə edilmiş mühüm elmi nəticələrin bir neçəsini qeyd etmək olar:

- Qeyri-Nyuton neftlərinə xas olan hidravlik diffuziya tənliyinin analitik həllinə əsas­lanaraq məsaməli mühitlərdə hidravlik diffuziya və keçiricilik əmsallarının qiymətlə­nidi­rilməsi üçün yeni ifadələr alınmışdır;

- MnTe·mBi2(Sb2)Te3 homoloji sıralarına aid laylı birləşmələrin yeni nümayəndələri sintez edilmiş, onların monokristalları alınaraq tədqiq edilmiş və göstərilmişdir ki, bu materialların maqnit, elektron və topoloji izolyator xassələri  m əmsalının qiymətin­dən kəskin asılıdır ki, bu da onlar əsasında antiferromaqnit və 2D spintronika üçün yeni funksional Van-der-Vaals heterostrukturlar yaratmağa imkan yaradır;

- mezoməsaməli alüminium oksid üzərində monomolekulyar adsorbsiya olunmuş pen­ta-FTPhFe(III)/Al2O3 biomimetik katalizatoru üzərində metanın hidrogen perok­sid ilə reaksiyası nəticəsində 19% çıxımla və 69% selektivliklə birbaşa metanol alın­mışdır;

- xlorkarbohidrogenlərin oksidləşmə prosesləri üçün optimal reaktor kimi müvafiq ola­raq “qaynar” və “tərpənməz” katalizator laylı reaktorların daha məqsədəuyğun olması

müəyyən edilmişdir;

- xitozan modifikantları əsasında sintez olunmuş yeni enterosorbentlərin kobalt, mis və nikel ionlarının az miqdarlarının  insan orqanizminin daxili mühiti şəraitində yüksək effektivliklə sorbsiya etmək qabiliyyəti aşkar edilmişdir ki, bu da klinik təcrübələrdə detoksikasiya prosesinin səmərəliliyini artırmaq üçün imkan yaradır;

- kombinə edilmiş üsulla alınmış nazik təbəqəli Fe2O3/TiO2 və FeSx/TiO2 heterosistem­lə­rinin fotoelektorkimyəvi xassələrinin tədqiq edilməsi onların fotoelektroliz prosesin­də model elektrod kimi istifadə edilməsi imkanını  yaradır;

- nanoelektronika üçün maqnit xassəli yarımkeçirici qrafen nanokristallarının elektron quruluşu, fiziki və fiziki-kimyəvi xüsusiyyətləri kvant kimyəvi metodla modelləşdirilmiş, qrafen kristalına vakansiyaların və ya germanium atomlarının təsiri nəticəsində enerji zonasının yenidən qurulması, Fermi səviyyəsinin yerdəyişməsi və qadağan olunmuş zonanın genişlənməsi qeyri - emprik  hesablama üsulu ilə təsdiq edilmişdir.

İnstitut əməkdaşları 2021-ci ildə “Baku Steel Company” MMC, Azərbaycan Res­pub­likası Müdafiə Nazirliyi, Salyan və Saatlı rayonlarının pambıqçılıqla məşğul olan fer­mer təsərrüfatları ilə müqavilələr əsasında tətbiq yönümlü birgə işlər aparmış və uğurlu nəticələr əldə etmişlər.  

AMEA-nın 2020-2025-ci illər üçün qəbul edilmiş konsepsiyasında nəzərdə tutul­muş prioritet istiqamətlər üzrə ölkənin müdafiə qüdrətinin yüksəldilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası, alternativ enerji mənbələri və hidrogen energetikası, su qov­şaq­larının metal avadanlığının korroziyadan mühafizəsi, mineral xammalın emalı, yük­sək texnologiyalar üçün yeni materialların və enerji çeviricilərinin, nanokataliza­tor­ların, bioaktiv polimerlərin və nanogellərin sintezi, təbii qazdan monomerlərin alınması, kimya sənayesinin yan məhsullarının işlənilməsi, texnoloji proseslərin modelləşdirilməsi və opti­mal­laşdırılması sahəsində tədqiqatlar 2022-ci ildə İnstitutun elmi fəaliyyətinin əsa­sın­da duran vacib vəzifələr olacaqdır.

Sonda akademik Dilqəm Tağıyev iclas iştirakçılarını qarşıdan gələn yeni 2022-ci il münasibəti ilə təbrik etdi. Onlara can sağlığı və  yeni-yeni uğurlar arzuladı. Həmçinin,  əmək­daşlara yeni ildə öz elmi fəaliyyətlərinə qarşı daha məsuliyətli, tələb­kar olmağı, məhsuldar işləməyi tövsiyə etdi.

JURNALLAR
Faydalı linklər