Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda nəşr olunan "Azərbaycan Kimya Jurnalı" Scopus beynəlxalq indeksləmə bazasına daxil edilib
Dek 20, 2021 | 13:56 / Mühüm hadisələr
Oxunub 795 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda nəşr olunan və AMEA Kimya elmləri bölməsinin orqanı olan Azərbaycan Kimya Jurnalı Scopus beynəlxalq xülasələndirmə və indeksləmə bazasına daxil edilmişdir. Bu haqda dekabrın 17-də Scopus bazasından jurnalın redaksiyasına daxil olmuş məktubda məlumat verilmişdir. Məktubda həmçinin qeyd edilir ki, 2020-ci il də daxil olmaqla, jurnalda çap olunan bütün məqalələr Scopusda indekslənir. 

"Elsevier" nəşriyyat korporasiyası tərəfindən 2004-cü ildə təsis edilmiş Scopus dünyanın ən böyük elmi məlumatlar bazası olub, elmi jurnallarda dərc edilmiş məqalələrə olan istinadları izləmək üçün universal vasitədir. O, texniki, tibb və humanitar elmlər üzrə müasir tələblərə cavab verən elmi jurnalları, konfrans materiallarını və seriya kitabları indeksləşdirir.

Elmi nəşrlərin Scopusda indeksləşdirilməsi haqda qərarın verilməsi  Scopus Məzmun Seçimi Məsləhət Komitəsi (CSAB) tərəfindən müvafiq müraciətlərə baxılmasına əsaslanır. Bu komitə müxtəlif elm sahələri üzrə  dünyanın müxtəlif regionlarından olan 20-yə yaxın ekspertdən ibarətdir.

Azərbaycan Kimya Jurnalı 1959-cu ildən nəşr оlunur. Onun ilk baş rеdaktоru dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev olmuşdur. Müxtəlif illərdə akademiklər Murtuza Nağıyev (1961–1975), Toğrul Şahtaxtinski (1975-2011) və Ağadadaş Əliyev (2011–2014) yurnalın baş redaktoru olmuşlar. 2015-ci ildən jurnalın baş redaktoru AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyevdir.

Qeyd edək ki, son illərdə Azərbaycan Kimya Jurnalının əsas hədəfi  Azərbaycanın kimyaçı alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrini dünya elmi ictimayətinə daha dolğun çatdırılması üçün müxtəlif beynəlxalq elmi informasiya bazalarına daxil edilməsi olmuşdur. Bu istiqamətdə jurnalın baş redaktoru akademik Dilqəm Tağıyevin rəhbərliyi ilə davamlı işlər aparılmışdır. Jurnalın yenilənmiş redaksiya heyətinə Azərbaycanın görkəmli alimləri ilə yanaşı Almaniya, İspaniya, Türkiyə, Rusiya, Bolqarıstan, Fransa və Böyük Britaniyadan olan tanınmış alimlər daxil edilmişdir. Jurnal dövrü nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qey­diy­yat­dan keçirilmiş, 0005-2531 (print) və 2522-1841 (online) ISSN indeksləri almış, 2018-ci ildən CAS, İndexCopernicus, e.Library.ru, CYBERLENİNKA, SİS (Scientific Indexing Services), ScienceLibraryİndex,  РИНЦ, ВИНИТИ, ИСТИНА, INIS, CrossRef, DRJI (directory of research journal index) kimi nüfuzlu biblioqrafik referativ bazalarda və axtarış sistemlərində yerləşdirilmişdir. Jurnal rəqəmsal axtarış üçün beynəlxalq Crossref sistemində qeydiyyatdan keçərək DOİ almışdır: 10.32737/0005-2531. 

Azərbaycan Kimya Jurnalı  kimya və kimya tехnоlоgiyasının aktual prоblеmlərinə aid tədqiqatların nəticələrini özündə əks etdirən orijinal və icmal məqalələri çap еdir. O, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi nəşrlərin siyahısına daxildir. 

Azərbaycan Kimya Jurnalı ildə 4 dəfə çıхır. 2015-ci ildən jurnalda məqalələr yalnız ingilis dilində çap olunur. Jurnalın www.akj.az saytı fəaliyyət göstərir.

 

JURNALLAR
Faydalı linklər