Xəbərlər
Foto
Tomsk Dövlət Universitetinin əməkdaşı Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda məruzə ilə çıxış edib
İyn 02, 2016 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 7854 dəfə

İyunun 2-də AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda İnstitut Elmi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir .

İclası giriş sözü ilə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, institutun  direktoru, akademik  Dilqəm Tağıyev açaraq gündəlikdəki məsələlərlə Şura üzüvlərini tanış etdi. Akademik  Dilqəm Tağıyev bildirdi ki, AMEA RH-nin müvafiq sərəncamına uyğun olaraq artıq institutda iki dəfə elmi mühazirələr təşkil olunmuşdur. Bu gün də, Tomsk Dövlət Universitetinin ”Katalitik tədqiqatlar” laboratoriyasının aparıcı elmi işçisi, kimya elmləri doktoru Eldar Dəhnəvi sizin qarşınızda elmi məruzə ilə çıxış edəcəkdir. Akademik qeyd etdi ki, kimya elmləri doktoru Eldar Dəhnəvinin iclasa dəvət olunmasının məqsədi İnstitut ilə Tomsk Dövlət Universiteti arasında elmi əlaqələrin qurulmasıdır.

Sonra kimya elmləri doktoru Eldar Dəhnəvinin “Bəzi oksigen tərkibli birləşmələrin alınması texnologiyasının aktual məsələləri”  mövzusunda məruzəsi dinlənildi. Məruzəçi bir sıra sənaye əhəmiyyətli kimyəvi birləşmələrin alınması proseslərinin sənayedə tətbiqinin reallaşdırılması, xüsusilə propilendən propilen oksidinin, etilenqlikoldan qlioksanın, fenoldan tsikloheksanonun alınmasının texnoloji proseslərinin pilot qurğularda həyata keçirilməsi üçün onların kinetikasının dərindən öyrənilməsi və riyazi modelləşdirilməsi sahəsində aparılan araşdırmalar barədə məlumat verdi. Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Daha sonra akademik Dilqəm Tağıyev noyabr ayında İnstitutun 80-illik yubileyi ilə əlaqədar keçiriləcək konfransa hazırlıqla bağlı Təşkilat Komitəsinin adından ətraflı məlumat verdi.O, bildirdi ki, konfrans çərçivəsində həmçinin “Nağıyev qiraəti” dinləmələrinin keçirilməsi nəzərdə tutulmuşdur.Artıq ənənəvi olaraq gənc tədqiqatçılar arasında keçirilən “Akademik Mürtuza Nağıyev adına mükafat” üçün müsabiqə də konfrans ərəfəsində keçiriləcəkdir.

Növbəti məsələ ilə bağlı akademik bildirdi ki, AR Dövlət Müstəqilliyinin 25 illiyi ilə bağlı institutun elmi fəaliyyətinin hazırki vəziyyəti, tətbiqə təklif olunan işlər və gələcək inkişaf perspektivləri ilə bağlı material artıq hazırdır və yaxın günlərdə Kimya Elmləri Bölməsinə təqdim olunacaq.

İclasda bütün laboratoriyaların müdirləri, gənc alim və tədqiqatçılar iştirak edirdilər.

JURNALLAR
Faydalı linklər