Xəbərlər
Bu gün görkəmli şəxsiyyət Xudu Məmmədovun doğum günüdür.
Dek 15, 2021 | 15:06 / Yubileylər
Oxunub 1665 dəfə
"Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı var”. Tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun görkəmli ictimai-siyasi xadim və alim Xudu Məmmədovla görüşündən sonra yazdığı bu fikirlər məşhur alimə dünyada verilən dəyərin göstəricisi idi. Çingiz Aytmatov həm də  "Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!” yazırdı. Xudu Məmmədov şəxsiyyətini yalnız bir kimyaçı-alim kimi xarakterizə etmirdilər. Xalq şairi Bəxtiyar Vahabzadə isə Xudu Məmmədovu belə dəyərləndirirdi: "Xudu içində yaşadığımız sistemin məhvə labüd olduğunu, cəmiyyətin təbii qanunları nəticəsində yaşamağa qabil olmadığını dəlillərlə sübut edərdi. O, cəmiyyətdəki hər şeyi təbiət qanunları ilə ölçərdi. O, deyərdi ki, əgər cəmiyyətdə təbiətə yad bir qanun yaranarsa, bu qanunun yaşamağa haqqı yoxdur. Bu mənada kommunizm insanın təbii hisslərinə ziddir. Kommunizm kabinetdə yaranmış fantastik bir ideologiyadır, insana qarşı çevrilən bir ideologiya cəmiyyətdə duruş gətirə bilməz. O, bunu təbiət qanunları əsasında elə sübut edərdi ki, mən buna inanmaya bilməzdim”.
 
Dekabrın 14-də doğum günü qeyd edilən görkəmli alim Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir. Mətbuatda, kitablarda, onu tanıyanların, həmfikir olanların, dostlarının xatirələrində və qeydlərində Xudu Məmmədovun adı türkçülük ideyalarının yaşaması və təbliği yolunda çalışan və keçən əsrdə sovet rejiminin hökm sürdüyü dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan biri kimi tarixə düşüb. O, azadlıq hərəkatının öncüllərindən biri kimi xatırlanır.
 
25 yaşlı alim
 
1927-ci ildə Ağdamın Mərzili kəndində dünyaya göz açan X.Məmmədov doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra rayon mərkəzindəki orta məktəbdə təhsil alır. Atası Surxay kişi tanınmış ziyalılardan olub. Leninqrad Tikinti Akademiyasını bitirib. Anası Yaxşı xanım evdar qadın idi. X.Məmmədov 1946-cı ildə  Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinin geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Çox keçmir ki, o, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, sanballı elmi məqalələri maraqla qarşılanır və ona şöhrət gətirir. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini” olub. 
Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir. 1957-ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışan alimin əsas elmi işləri kristallokimya sahəsindədir. Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq, 1960-cı ildə "Kalsium-silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır.  O, silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarıb, 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. X.Məmmədov hələ 25 yaşı olanda elmi nəticəsi artıq dünyaya səs salır. Belə ki II Dünya savaşının ağır nəticələrini aradan qaldırmaq üçün İngiltərədə sement silikatların tərkibini təşkil edən kalsium silikatların və hidrosilikatların quruluşunun təyini məqsədilə görkəmli alimlərdən ibarət qrup yaradılır. Qrupa dünya şöhrətli fizik və kristalloqraf Con Bernal rəhbərlik edir. Con Bernal həm də Dünya Sülh Şurasının sədri idi. 1953-cü ildə bu qrupun hesabatına həsr olunmuş III Beynəlxalq sement simpoziumunda dünyada bu elmi istiqamətdə aparılan tədqiqatları ümumiləşdirərək, həyəcan təbili çalan C.Bernal deyir: "Sementin bağlayıcılıq və bir sıra başqa fiziki-kimyəvi xassələrini şərh edə bilən mükəmməl nəzəriyyə yalnız sement silikatlarının quruluşu açıldıqdan sonra yarana bilər”.
 
Bildiyimiz kimi, II Dünya savaşında şəhərlər yerlə-yeksan edilmiş, bu şəhərlərin bərpasını sürətləndirmək üçün sementin tərkibini aşkarlamaq məsələsi ciddi bir problemə çevrilmişdi. O dövr üçün bu, bəlkə də atomun kəşfi qədər əhəmiyyətə malik idi. Bu simpoziumdan sonra akademik N.V.Belov gənc dissertant Xudu Məmmdova dissertasiya işinin mövzusu kimi əsas sement minerallarının quruluşunun təyinini məsləhət bilir.  Belə mineralların quruluşunun açılmasının mürəkkəbliyini, atomların düzülüşündə yüksək requlyarlığın olması, kimyəvi tərkibdə atomların səpmə qabiliyyətinin yaxınlığı və monokristalların keyfiyyətinin aşağı olması quruluşda əlavə problemlər yaradırdı. Bu istiqamətdə dünyanın bütün quruluş laboratoriyaları yorulmadan fəaliyyət göstərirdi. Bir çox alimlər araşdırmaların nəticəsi olaraq, mineralların tərkibini təyin etdiyini hesab edərək, nəticələri C.Bernalın laboratoriyasına təqdim etmiş, lakin laboratoriya bu nəticələrin doğruluğunu təsdiqləməmişdi. Lakin Xudu Məmmədov, aldığı eksperimental məlumatlar əsasında hesablanmış Paterson elektron sıxlığının araşdırılmasından, statistik üsullardan, Xarker-Kasper bərabərsizliyindən və müxtəlif mərhələlərdə təkrar yaxınlaşma üsullarından məharətlə istifadə edərək, ksonolit mineralların quruluşunu təyin edir. Bu quruluş silikat kimyasında dövrün ən böyük kəşfi idi. Həmin illərdə Xudu Məmmədovun əldə etdiyi elmi nəticələr dünya elminin ən böyük nailiyyəti kimi qiymətləndirilirdi. Dünyanın elm nəhəngi Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz  tələbəsi haqda guya söz tapa bilməyən rus akademikin fikrinə belə qüvvət verir: "Bizdəki və sizdəki "pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı "pioner” tələbəniz - cənab Xudu Məmmədov həll etmişdir!”
 
Akademik Teymur Bünyadov görkəmli alimin elmimizdə açdığı yolu "Xudu məktəbi” adlandırıb: "Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini təkzib etmiş, öz kəşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır. Xudunun ixtiraları təkcə elmi, nəzəri deyil, həm də böyük təcrübi əhəmiyyət kəsb edir. Elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır”.
 
 
Alimin vətəni olmalıdır
 
Xudu müəllimin elmi fəaliyyəti ilə yanaşı dillər əzbəri olan bayatıları, rübailəri, zərb-məsələ dönən fikirləri də dillər əzbərinə çevrilib. Onun çox gözəl şeirləri və bayatıları, sənət haqqında fəlsəfi əsərləri var. O, həmçinin gözəl rəssam idi. 40-cı illərin sonlarında Ağdam teatrında X.Məmmədov dram teatrındakı dekorasiyaları, rəsmləri ustalıqla hazırlayırdı. Xudu Məmmədova böyük el sevgisi varmış. Hər dəfə doğulub boya-başa çatdığı Mərzili kəndinə gedəndə həmkəndliləri onun başına toplaşar, hal-əhval tutarmışlar. Belə görüşlərin birində həmkəndlilərindən birinin "Xudu müəllim, əsl alim kimə deyilməlidir” sualına X.Məmmədov "Bilirsiniz, əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona qiymət verərək, "o nə danışır, onun dedikləri elə mənim bildiklərimdi”  desə, deməli, əsl alim odur. Yox, əgər "o nə danışır, mən heç nə başa düşmədim” desə, deməli, o əsl alim deyil” cavabını verib.
 
"Xudu müəllimin xarakterinə uyğun heç bir ədəbi əsərdə  obraza, nağıl-dastan qəhrəmanına rast gəlməmişəm”- deyə yaxın dostu Şahmar Əkbərzadə xatirələrində qeyd edib: "Xudu müəllim xoş xəbər eşidəndə fərəhlənər, şadlanardı, çöhrəsinə nur gələrdi. Bəd soraqdan isə sifəti göyərər, əlini ürəyinin üstünə qoyardı. Elə köks ötürərdi ki, eşidənin bağrı dağlanardı. Xudu müəllim sadə, təvazökar, həddən artıq qayğıkeş idi. Söhbətləşən zaman az danışardı. Bəzən mənə elə gələrdi ki, o, demədiyini baxışları ilə həmsöhbətinə çatdırır”. Xudu Məmmədovun Vətəninə, xalqına sevgisi sonsuz olub. "Elmin vətəni yox, alimin Vətəni olmalıdır” deyən X.Məmmədov uşaqların, gəclərin də bu ruhda böyüməsini istəyirdi: "Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər” deyirdi.
 
Görkəmli alim 1967-ci ildə "Şərəf nişanı” ordeni, 1970-ci ildə "Fədakar əməyə görə” medalı, anadan olmasının 60 illiyi ilə əlaqədar "Qırmızı Əmək Bayrağı”ordeni və Azərbaycan Ali Sovetinin fəxri fərmanları ilə təltif olunub. 1991-ci ildə Azərbaycan "Bilik” maarifçilik cəmiyyəti, 2001-ci ildə isə "Vektor” Beynəlxalq Elm Mərkəzi Xudu Məmmədov adına mükafat təsis edib`. Görkəmli alim 15 oktyabr 1988-ci ildə Qarabağda hadisələrin gündən-günə tüğyan etdiyi, ermənilərin torpağımıza əsassız iddialarının artdığı bir vaxtda vəfat edib. "Allaha rəvadırmı, bu torpaqlar bizim əlimizdən alınsın” deyərək, kövrəlib.
 
JURNALLAR
Faydalı linklər