Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edir.
Dek 01, 2021 | 15:47 / Konfranslar, iclaslar
Oxunub 3213 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd etdi ki, bu gün “Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası”, “Nano- və elektrokataliz” və “Qeyri-üzvi funksional materiallar” şöbələrinin hesabatları dinləniləcək. Qeyd olunan şöbələr üzrə 6 laboratoriyanın 2021- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcədə baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı.

Qeyd etmək lazımdır ki, cari ildə bu gün hesabat verən iki şöbənin apardıqları elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunmuşdur. Belə ki, “Nano- və elektrokataliz” şöbəsində kombinə edilmiş yolla sintez edilən Fe2O3 nazik təbəqələri əsasında Fe2O3/TiO2 nazik təbəqə şəkilli heterostrukturları yaradılmış və bu heterostrukturların fotoelektrokimyəvi xassələri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, Fe2O3/TiO2 nazik təbəqəşəkilli heterostrukturları fotokatalitik xassələrə malikdir və onlar fotoelektronikada, fotoelektroliz prosesində model elektrod olaraq istifadə edilə bilər. Şöbədə diğər istiqamət üzrə təbii polimer əsaslı xitozanın asetaldehidlə modifikasiyası və metil yodidlə kvaternizə-edilməsi həyata keçirilmiş və onun suda yaxşı həll olan modifikantları alınmışdır. Kvaternizə olunmuş nümunələrin iştirakı ilə Co2+ , Cu2+ və Ni2+ ionlarının sorbsiyası öyrənilmiş və göstərilmişdir ki, bu nümunələr yüksək sorbsiya xüsusiyyətlərinə malikdirlər. Eyni zamanda sorbsiya prosesinə mühitin pH-ı, sorbentin miqdarı, sorbsiya müddəti kimi müxtəlif parametrlərin təsiri tədqiq edilmiş və prosesin optimal variantı müəyyən edilmişdir. Qeyd edək ki, detoksikasiya müalicəsi üsullarından biri olaraq enterosorbsiya son illərdə klinik təcrübədə geniş yayılmışdır. Dərman tətbiqinə əsaslanan ənənəvi müalicə üsullarından fərqli olaraq, enterosorbsiya insan orqanizminin daxili mühitini sorbsiya terapiyasından istifadə edərək toksiki maddələrdən aktiv şəkildə təmizləməyə imkan verir. Bir çox enterosorbent arasında təbii molekul və onların törəmələri əsasında olan preparatlar maraq doğurur. Bunlardan biri özünə məxsus fiziki-kimyəvi, bioloji, ekoloji və fizioloji xüsusiyyətlərinə, o cümlədən, biouyğunlaşmaya, bioloji parçalanmaya, təbii mühitdəki stabilliyə, qeyri-toksikliyə, yüksək bioloji aktivliyə görə praktik tibbdə fəal şəkildə istifadə olunan xitozandır. Buna görə də, şöbədə aparılan tədqiqatlar mühüm tətbiq perspektivinə malikdır.

“Qeyri-üzvi funksional materiallar” şöbəsində də, cari ildə respublika əhəmiyyətli elmi-tədqiqat işləri aparılmışdır. Qeyd edək ki, Hidrotexniki qurğular (HQ) dünya ölkələrinin iqtisadiyyatında mühüm rol oynamaqla yanaşı həm də böyük təhlüklə mənbələridir. HQ-də potensial qəza səbəblərindən biri bu qurğuların (SES-lər, su anbarları, estakadalar, körpülər və s.) korroziya nəticəsində dağılıb sıradan çıxmalarıdır. Ona görə də qeyd olunan qəzaların baş verməməsi üçün mütəmadi olaraq HQ-in korroziya vəziyyətinin monitoringi aparılmalı və belə bir təklükənin yarana biləcəyi halda qabaqlayıcı tədbirlər görülməlidir.

Bu işlərin respublika əhəmiyyətli olduğunu nəzərə alaraq AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə “Azərenerji ASC “Şəmkir SES MMC arasında “Şəmkir və Yenikənd SES-lərin HQ-də olan metal avadanlıqların atmosfer və su mühitlərində korroziya davamlılığının tədqiqinə” dair müqavilə bağlanmış, bir sıra nəticələr əldə edilmişdir. Belə ki, Taxtakörpü SES-in su anbarının hidrotexniki qurğularının istismarı şəraitində aparılan korroziya sınaqları başa çatdırılmış, anbarda suyun kimyəvi analizi aparılmışdır. Bir il müddətində suda və su anbarının atmosferində aparılan korroziya sınaqları nəticəsındə məlum olmuşdur ki, poladın korroziya sürəti suyun temperaturundan asılı olub mövsümi xarakter daşıyır, yəni yaz -yay aylarında nisbətən yüksək, payız-qış aylarında isə nisbətən kiçik sürətlə korroziyaya uğrayır (0,04q/m2.saat). Atmosfer şəraitində isə polad kiçik sürətlə korroziyaya uğrayır (0,006 q/m2.saat). SES-lərdə geniş istifadə olunan misin, latunun, alüminiumun dinamik şəraitdə aparılan laboratoriya sınaqları nəticəsində məlum olmuşdur ki, mis və latun qeyd olunan sularda çox kiçik, (0,001-0,002 q/m2.saat) alüminium isə daha yüksək sürətlə korroziyaya uğrayırlar (0,03 q/m2.saat).

Sonda akademik Dilqəm Tağıyev bildirdi ki, növbəti ildə prioritet istiqamətlər üzrə innovativ işlərə üstünlük verilməli, eyni zamanda fundamental işlər davam etdirilməlidir. Alim bildirdi ki, növbəti illərdə İnstitutda hidrogenin energetikası, ekoloji təmiz hidrogenin irimiqyaslı istehsalı, akkumulyasiyası/saxlanması və nəqli məsələlərinin həlli istiqamətində İnstitutda bəzi şöbələrdə fundamental və tətbiqi xarakterli tədqiqat işləri aparılacaq. Sonda, qeyd olunan şöbələrin hesabatlarının qəbul olunması haqqında qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər