Xəbərlər
FotoVideo
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında memorandum imzalanıb
Noy 16, 2016 | 14:00 / Mühüm hadisələr
Oxunub 8045 dəfə

Noyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalama mərasimi keçirilib.

 
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamından irəli gələn məsələlər və görüləcək tədbirlər haqqında məlumat verib. Akademik bildirib ki, bu sənəd müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına xidmət edəcək: "AMEA Sərəncamdan irəli gələrək Yüksək Texnologiyalar Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görəcək”.
 
Akademik Akif Əlizadə İİTKM ilə imzalanacaq memoranduma da toxunub. Vurğulayıb ki, tərəflər memorandum çərçivəsində elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, birgə islahat təşəbbüsləri ilə çıxış edilməsi üzrə qarşılıqlı faydalı münasibətlər qurmağa və inkişaf etdirməyə çalışacaqlar.
 
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı "Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu və iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində dünya iqtisadiyyatında elmi araşdırmalara 2 trilyon ABŞ dollarından artıq vəsait xərcləndiyini deyən Vüsal Qasımlı Azərbaycanda həm dövlət, həm də özəl sektorun idarəetmə, bio, nano, informasiya, kommunikasiya, sənaye, maliyyə və başqa sahələrdə qabaqcıl texnologiyaların tələblərinə uyğunlaşaraq rəqabət qabiliyyətini yüksəldəcəyinə əminliyini bildirib. İcraçı direktor vurğulayıb ki, qabaqcıl texnologiyaların idxalı ilə yanaşı, həm də onu idarə edən insan kapitalının formalaşdırılması, ümumilikdə təfəkkür tərzinin yeni qlobal çağırışlar və meyillərə uyğun inkişafı həyata keçiriləcək: "Qabaqcıl texnologiya və insan kapitalı daha yüksək əlavə dəyər yaradır. Azərbaycanın elmi potensialı qlobal trendlərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verəcək. Azərbaycan bilik iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirəcək. Sərmayənin biliyə, biliyin isə sərmayəyə çevrilməsi hesabına daha çox dəyərin ölkəmizdə qalmasına çalışmalıyıq. AMEA-nın Yüksək Texnologiyalar Parkı ölkəmizdə elmin kommersiyalaşdırılması istiqamətində atılan müsbət bir addımdır. AMEA və İİTKM arasında əməkdaşlıq ölkədə bilik iqtisadiyyatı quruculuğuna öz töhfəsini verəcək”.
 
Daha sonra mövzu ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digərləri çıxış edərək imzalanacaq memorandumun gələcəkdə də iki qurum arasında əməkdaşlığın inkişafına və birgə mühüm tədbirlərin həyata keçirilməsinə rəvac verəcəyini bildiriblər.
 
Sonda AMEA ilə İİTKM arasında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı imzalayıblar.
JURNALLAR
Faydalı linklər