Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda çap olunub
Noy 22, 2021 | 11:00 / Nəşrlər
Oxunub 635 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, kimya elmləri doktoru Nizami Zeynalov və kimya üzrə fəlsəfə doktoru Sevda Fətullayevanın həmmüəllifi olduğu “A review on enterosorbents and their application in clinical practice: Removal of toxic metals” adlı icmal məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Colloid and Interface Science Communications” jurnalında işıq üzü görüb.

Məqalə orqanizmin detoksifikasiyası zamanı müxtəlif təbiətli toksinlərin xaric edilməsi üçün perspektivli üsullarından biri olan enterosorbsiyaya həsr olunub. Məqalədə bildirilir ki, bəzi xəstəliklərin, zəhərlənmələrin qarşısının alınması və müalicəsində, endo- və ekzotoksikozlarla əlaqəli patoloji vəziyyətlərin korreksiyasında istifadə olunan enterosorbentlər toksik allergik reaksiyaların qarşısını almaq, ifrazat və detoksifikasiya orqanlarında metabolik yükü azaltmaq üçün istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatının Anatomik Terapevtik Kimyəvi təsnifat sisteminə görə, enterosorbentlər A07B “Bağırsaq adsorbentləri” qrupuna aiddir. Dərman tətbiqinə əsaslanan ənənəvi müalicə üsullarından fərqli olaraq, enterosorbsiya insan orqanizminin daxili mühitini sorbsiya terapiyasından istifadə edərək toksiki maddələrdən aktiv şəkildə təmizləməyə imkan verir. Sadəliyi, təhlükəsizliyi və qənaətliliyinə görə bu üsul bu gün müxtəlif xəstəliklərin müalicəsində, müxtəlif ekzogen və endogen toksiki birləşmələrin birləşdirilməsi və orqanizmdən xaric edilməsi üçün uğurla istifadə olunur. Yüksək sorbsiya qabiliyyətinə, aktiv səthə malik olan enterosorbentlər mədə-bağırsaq traktında parçalanmır və sorbsiya, ion mübadiləsi, eləcə də kompleks əmələgəlmə mexanizmləri ilə işlənilir. Enterosorbentin terapevtik təsiri mədə-bağırsaq traktından toksiki metabolik və iltihablı məhsulların, patogen bakteriyaların və virusların, toksinlərin sorbsiyasına və xaric edilməsinə, endotoksikozun, toksiki-allergik reaksiyaların, ishal sindromunun klinik təzahürlərinin qarşısını almaq və ya zəiflətmək üçün yönəldilir.

Bu icmalda enterosorbentlərin klinik praktikada tətbiqinə, xüsusən də insan orqanizmindən toksiki metalların çıxarılmasına həsr olunmuş son illərin elmi tədqiqatları nəzərdən keçirilir və enterosorbentlərin müasir təsnifatı, onların təsir mexanizmləri də göstərilir.

Qeyd edək ki, dünyaca məşhur “Elsevier” nəşriyyatının dərgisi olan, “Web of Science”, “Scopus”, “Chemical Abstracts” və digər nüfuzlu beynəlxalq elmi bazalarda arxivləşən və impakt faktoru 4.914 olan “Colloid and Interface Science Communications” jurnalı Q1-kvartilə daxil olan reytinqli nəşrlərdən biridir və 2021-ci ildəki “CiteScore” göstəricisi 4.7 olub.

JURNALLAR
Faydalı linklər