Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında cari il üzrə hesabatların dinlənilməsinə start verildi.
Noy 15, 2021 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 2851 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başlandı. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd etdi ki, noyabrın 13-də görkəmli kimyaçı-texnoloq, Şöhrət ordenli, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin 75 yaşı tamam olmuşdur. Akademik yubilyarı Elmi Şura və İnstitutun kollektivi adından təbrik etdi, ona möhkəm cansağlığı və gələcək elmi fəaliyyətində uğurlar arzuladı.

Sonra akademik Dilqəm Tağıyev bildirdi ki, bu gün “Mineral xammalın kompleks emalı” və “Qeyri-üzvi funksional materiallar” şöbəsinin hesabatları dinləniləcək. Qeyd olunan şöbələr üzrə 4 laboratoriyanın 2021- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcədə baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verdi. Alim qeyd etdi ki, növbəti ildə fundamental tədqiqatlarla yanaşı innovativ xarakterli işlərə, xüsusilə də Respublika iqtisadiyyatına töhvə verəcək işlərə üstünlük verilməlidir. Sonda qeyd olunan şöbələrin hesabatlarının qəbul olunması haqqında qərar qəbul edildi.

Qeyd etmək lazımdır ki, cari ildə hər iki şöbənin apardıqları elmi-tədqiqat işləri nəticəsində mühüm elmi və praktiki nəticələr əldə olunmuşdur. Belə ki, “Qeyri-üzvi funksional materiallar” şöbəsinə daxil olan “Keçid elementlərinin xalkogenidləri” laboratoriyasında aparılan elmi tədqiqatların nəticəsi olaraq yayma vallarının işlək hissəsi üçün keçid metalları ilə legirlənmiş yeni funksional xassəli çuqun sintez olunmuşdur. Hazırda, həmin çuqunun iştirakı ilə işlənmiş bimetallik valların “Baku Steel Company” MMC şirkətinin yayma proseində tətbiqi nəticəsində müəssisə böyük iqtisadi səmərə əldə edir. “Mineral xammalın kompleks emalı” şöbəsində aparılan elmi tədqiqat işlərinin nəticəsi olaraq Daşkəsən rayonu ərazisində yerləşən Zəylik alunit filizinin qələvi ilə emalından sonra alınan məhlullardan alüminium hidroksidin çökdürülməsi üçün yeni metod təklif olunmuşdur. Belə ki, təklif olunan metodda yaşıl reagent – hidrogen peroksid çökdürücü kimi istifadə olunan zaman prosesin əvvəlində filizin emalına sərf olunan qələvinin bərpa edilməsi və yenidən prosesə qaytarılması mümkün olur. Bununla da, təklif olunan üsulla aluminat məhlullarından alüminiumlu fazanın çökdürülməsi səmərəliliyinə, maya dəyərinin ucuzluğuna və ekoloji təmizliyinə görə digər texnologiyalardan daha üstündür. Alınan nəticə patentləşdirilmişdir.

JURNALLAR
Faydalı linklər