Xəbərlər
AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin 75 yaşı tamam olur
Noy 13, 2021 | 15:00 / Yubileylər
Oxunub 1887 dəfə

Noyabrın 13-də tanınmış kimyaçı-texnoloq, “Şöhrət” ordenli alim, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin 75 yaşı tamam olur.

Qüdrət İsfəndiyar oğlu Kəlbəliyev 1946-cı il noyabrın 13-də Naxçıvan şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Mühəndis-mexanik” ixtisası üzrə bitirib. 1978-ci ildə elmlər namizədi, 1987-ci ildə “Kimya texnologiyasının prosesləri və aparatları” ixtisası üzrə elmlər doktoru elmi dərəcələrini, 1993-cü ildə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

1969-1976-cı illərdə Sumqayıt “Giproxlor” Layihə İnstitutu və “Nefteximavtomat” Elmi-Tədqiqat İnstitutunda, 1976-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda çalışıb, 1999-2006-cı illərdə Türkiyənin İsmət İnönü adına Universitetində “Kimya mühəndisliyi” bölməsində bir çox fənlərdən dərs deyib, 2006-cı ildən AMEA-nın Kimya Problemləri İnstitutunda (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda) baş elmi işçi, 2010-cu ildən indiyə qədər laboratoriya rəhbəri vəzifəsində işləyir.

Q.Kəlbəliyevin elmi fəaliyyətinin əsas istiqaməti kimya texnologiyasının dispers sistemlərlə hidrodinamik, reoloji, istilik və kütlə mübadiləsi proseslərinin tədqiqi, modelləşdirilməsi və optimallaşdırılmasıdır.

Bu istiqamətlərdə apardığı tədqiqatların nəticəsində nəzəri olaraq, dispers sistemlərdə dispers hissəciklərin hidrodinamik qüvvələr təsiri altında birləşməsi, parçalanması, ayrılması və çökməsi proseslərinin mexanizminin təyin edilməsi və təcrübi cəhətdən təsdiqlənməsi, onların istilik və kütlə mübadiləsinə, sistemin reologiyasına və hidrodinamik axımına təsirin təhlili və riyazi modelləşdirilməsi aparılıb. Qeyri-sabit istilik və kütlə mübadiləsi proseslərinin, o cümlədən neft emalı proseslərinin istilik sistemlərinin, neftayırmada neft emulsiyalarının ayrılma və təmizlənmə proseslərinin, tozvari materialların dənəvərləşməsi, elektromaqnit sahələrdə cisimlərin qurudulması, çirkab sularının təmizlənməsi və s. proseslərin təhlili, hesablanması, modelləşdirilməsi işlənib hazırlanıb.

Alimin apardığı elmi tədqiqatların əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

- İzotrop turbulent axında dispers sistemlərin reologiyası nəzərə alınmaqla damcı və qabarcıqların koalesensiya, deformasiya və parçalanması nəzəriyyəsinin inkişaf etdirilməsi, turbulentliyin hidrodinamik parametrlərindən asılı olan kinetika modellərinin, hissəciklərin maksimal və minimum ölçülərinin qiymətləndirilməsi;

- Kimya texnologiyası proseslərində çoxfazalı turbulent axın zamanı bərk fazanın, damcıların və qabarcıqların miqrasiya-qravitasiya mexanizmi ilə çökməsi zamanı hidrodinamika və istilik-kütlə daşınması;

- İzotrop turbulent axında dispers sistemlərin axını zamanı ağırlıq qüvvəsinin təsirini, turbulentlik  parametrlərini (yayılmanın məxsusi enerjisi, turbulentlik miqyası), faza çevrilmələrini, damcı və qabarcıqların birləşməsi və parçalanmasını nəzərə alınmaqla kütlə daşınmanın nəzəri tədqiqatı;

- Strukturlaşmış dispers sistemlərin və qeyri-nyuton neftlərinin reoloji modelləri, aqreqativ və dayanıqlı olmayan dispers sistemlərin davranışının öyrənilməsi, istilik və sudan aşınmanın reoloji modellərinin və anomal neftlərin qeyri-stasionar süzülməsi proseslərinin süzülmə xassələrinin qiymətləndirilməsi məqsədilə reoloji modellərin işlənib hazırlanması;

- Kimya texnologiyasının qeyri-stasionar proseslərinin determinə-stoxastik modellərinin və dəyişən məsaməli texnoloji proseslərin riyazi təsvirinin prinsiplərinin işlənib hazırlanması. Bu riyazi təsvirlərin əsasını kütlə və istilik daşınması, Fokker-Plankın stoxastik tənliyi və ya koaqulyasiyanın kinetik tənliyi təşkil edir.

Bu məsələlərin həlli nəzəri tədqiqatlarda, modelləşdirmədə, resirkulyasiyalı proseslərin texnologiyasının və aparat tərtibatının hesablanması və işlənib hazırlanmasında praktik əlavələr kimi istifadə edilib və tətbiq olunub. Belə sahələrə neft emalı sənayesinin (istilik mübadiləsi sistemləri, kondensator-soyuducu sistemləri və boruvari piroliz sobaları) mürəkkəb qeyri-stasionar istilik-kütlə mübadiləsi proseslərinin modelləşdirilməsi, hesablanması və intensivləşdirilməsi, tozvari superfosfat materiallarının dənəvərləşmə proseslərinin dənələrin ölçülərinin böyüməsi, onların deformasiyası, dağılması, ölçü və zamana görə paylanmasını nəzərə almaqla modelləşdirilməsi və hesablanması, məsaməli materialların konvektiv qurudulması prosesinin modelləşdirilməsi və hesablanması, çirkab suların üzvi birləşmələrdən və asfalt-qətran maddələrindən maye ekstraksiya vasitəsilə təmizlənməsi zamanı damcı və qabarcıqların birləşməsi və parçalanması proseslərinin optimal texnologiyasının hazırlanması və s. aiddir.

Onun çoxşaxəli elmi tədqiqatlarının nəticələri 320-dən çox əsərdə, o cümlədən 9 monoqrafiya, 14 müəlliflik şəhadətnaməsi və patentdə öz əksini tapıb. Alimin elmi nəticələri “Теоретические основы химической технологии”, “Инженерно-физический журнал”, “Химическая промышленность”, “Chemical Engineering Science”, “Journal of dispersion Science and Technology”, “Powder Technology”, “Сolloid and Surface”, “Chemical Engineering Communications”, “Journal of Aerosol Science”, “Petroleum Science And Technology”, “Thermal Engineering” və s. nüfuzlu jurnallarda dərc olunub.

Alimin rəhbərliyi ilə bir sıra respublika və beynəlxalq miqyaslı qrant layihələri çərçivəsində elmi-tədqiqat işləri aparılıb, uğurlu nəticələr əldə edilib.

Qüdrət Kəlbəliyev elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. Onun  rəhbərliyi altında onlarla gənc alim və 3 elmlər doktoru yetişdirilib.

Q.Kəlbəliyev uzun illər institutun elmi seminarının sədri olub. Hazırda “Azərbaycan Kimya Jurnalı” jurnalının baş redaktor müavini, institutun Elmi şurasının üzvüdür.

Kimya elminin inkişafındakı böyük xidmətlərinə görə, Qüdrət Kəlbəliyev 2015-ci ildə ölkə başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib, eyni zamanda AMEA-nın Fəxri fərmanı və digər mükafatlara layiq görülüb.

Görkəmli kimyaçı alimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

JURNALLAR
Faydalı linklər