Xəbərlər
Avropa Komissiyasının Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin görüşü keçirilib
Okt 15, 2021 | 10:34 / Konfranslar, iclaslar
Oxunub 1482 dəfə

Avropa Komissiyasının Horizon Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin koordinatoru, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev “Horizon 2020” proqramı üzrə fəaliyyət çərçivəsində həyata keçirilmiş tədbirlər, əldə edilmiş nəticələr və yaranmış problemlərin müzakirəsi məqsədilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva 2018-2020-ci illərdə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, 2018-ci ildə yenilənmiş şəbəkə üzvləri üçün AMEA-nın dəstəyi ilə Avstriyanın İctimai İnnovasiya Mərkəzinin tədqiqat strategiyası və inkişaf üzrə baş mütəxəssisi Qorazd Veis tərəfindən Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvlərinin vəzifə və funksiyaları üzrə praktiki təlimlər təşkil edilib. 2019-2021-ci illərdə Avropa Komissiyasının ekspertləri tərəfindən Azərbaycanın alim və mütəxəssisləri üçün layihələrin hazırlanması və COST Action üzrə təlimlər keçirilib. Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri son illərdə Azərbaycanın elm, təhsil və səhiyyə müəssisələrinin, həmçinin dövlət təşkilatlarının alim və mütəxəssisləri üçün “Horizon 2020” çağırışları üzrə məlumatlandırıcı seminar və vebinarlar keçirib. Habelə COST və Mari-Skladovskaya Küri proqramları üzrə hazırlanmış videomateriallar AMEA-nın rəsmi veb-səhifəsində və sosial şəbəkələrdə yayılıb.

E.Əlirzayeva yeni elan edilmiş “Horizon Avropa” (Horizon Europe) proqramının prioritet istiqamətləri və onlara ayrılmış maliyyə imkanları haqqında da məlumat verib.

Tədbirdə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri çıxış edərək son illər ərzində fəaliyyət nəticələri və qarşılaşdıqları problemləri diqqətə çatdırıblar.

Akademik İbrahim Quliyev Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin tərkibində dəyişikliklər edilməsi və onun “Horizon Avropa” proqramının fəaliyyət istiqamətlərinə uyğunlaşdırılması məsələsini müzakirə edib. Təkliflər nəzərə alınaraq, Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin yeni tərkibinə müvafiq dövlət qurumlarının, elm və təhsil müəssisələrinin qabaqcıl mütəxəssisləri daxil edilib. Azərbaycan alimlərinin 2021-2027-ci illərdə “Horizon Avropa” proqramında iştirak səviyyəsinin yüksəldilməsi məqsədilə strategiya planının hazırlanması qərara alınıb.

 

 

 

JURNALLAR
Faydalı linklər