Xəbərlər
GÖRKƏMLİ ALİM HƏBİBULLA BƏY ŞAHTAXTİNSKİ
Sen 09, 2021 | 11:29 /
Oxunub 1365 dəfə

Azərbaycan elmində çox böyük xidmətlər göstərmiş Şahtaxtinski Həbibulla Baxşəli oğlu 3 sentyabr 1900-cü ildən Naxçıvan mahalının Şahtaxtı kəndində anadan olmuşdur.

Kimya elmləri namizədi (1940), kimya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1967).

1937-1959-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri olmuşdur.

H.B.Şahtaxtinskinin elmi fəaliyyəti analitik kimya və qeyri-üzvi maddələrin texnologiyası sahələrini əhatə edir. Alim bir sıra kimyəvi elementlərin analizi üçün arsenat-yodometriya üsulu işləyib hazırlamışdır. Bu isə analitik kimya elmində yeni bir səhifənin açılmasına səbəb olmuşdur. Respublika ərazisində güclü ehtiyat yataqları olan mineral xammalın kompleks emalı zamanı qiymətli nadir və səpələnmiş elementlərin (qallium, vanadium və s.) Səmtli çıxarılma texnologiyasını hazırlamış və praktiki tətbiq üçün tövsiyə etmişdir. H.B.Şahtaxtinskinin bilavasitə rəhbərliyi nəticəsində metallrugiya sobalarından atmosferə buraxılan tullantı qazlarından qazvarı reduksiyaedicilərlə sərbəst kükürdün alınma texnologiyası işlənib hazırlanmış və yarımsənaye qurğusunda sınaqdan keçirilmişdir. Alimin əldə etdiyi elmi və praktiki nəticələr onun «Miqdari kimyəvi analiz», «Maqnezium və kalsiumun arsenat metodu ilə təyini», «Alunitin kompleks emalından qalliumun alınması», «Zəylik yatağı üxurlarından alüminium duzlarının alınması» və bir çox başqa əsərlərində öz əksini tapmışdır.

Baxşəli ağanın o biri oğlanları - Nemətulla bəy, Ətaulla bəy və Həbi bulla bəy Azərbaycan elmində çox böyük xidmətlər göstərmişlər. Onların üçü də Bəhmən Mirzənin nəvələri olan 3 bacıyla - Zəhra, Ziba və Leyla xanımlarla ailə qurmuşlar. Leyla xanım (25.12.1906- 5.03.1995) Həbibulla ağa Şahtaxtinski ilə ailə qurmuşdur.

H.B.Şahtaxtinski Azərbaycan SSR-nin “Əməkdar elm xadimi” adına layiq görülmüş, “Oktyabr İnqilabı” ordeni və digər medallarla təltif olunmuşdur.

H.B.Şahtaxtinski 3 elmlər doktoru, 35 elmlər namizədi hazırlamışdır.

O, 7 monoqrafiya və dərsliyin, 380-dan çox elmi məqalənin müəllifi olmuşdur.

H.B.Şahtaxtinski 1986-cı il sentyabrın 22-də vəfat etmişdir.

JURNALLAR
Faydalı linklər