Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitunun Elmi Şurasının iclası keçirilmişdir.
Sen 07, 2021 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 222 dəfə

07 sentyabr 2021-ci il tarixində Kataliz və Qeyri – üzvi Kimya Institutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclasın gündəliyinə Institutun strukturunun təsdiqi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 iyul 2021-ci il tarixli 229 № -li qərarının müzakirəsi, İnstitutun qarşısında duran əsas vəzifələr, İnstitutun 2021-ci ilin qəbul planına əsasən fəlsəfə və elmlər doktorluğu üzrə doktorantura və dissertanturaya sənəd təqdim edən iddiaçılar haqqında məlumat və s. məsələlər daxil edilmişdir.

İclası açıq elan edən AMEA-nın birinci vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev təşkilatın strukturu haqqında məlumat verdi və müzakirələrdən sonra yeni struktur təsdiq edildi.

Növbəti məsələ barəsində danışaraq akademik Dilqəm Tağıyev bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 iyul 2021-ci il tarixli 229 nömrəli Qərarına əsasən, işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına malik olması tələb edilən iş və xidmət sahələri müəyyənləşdirilib. 1 sentyabr 2021-ci il tarixdən həmin iş və xidmət sahələrində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxlərin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb edilir. Həmin iş və xidmət sahələrinə elm və təhsil müəssisələri də daxildir. Buna görə də institutun vaksin olunmayan əməkdaşları vaksinasiya olunmalı, COVID-19-a yoluxanlar immunitet sertifikatı təqdim etməli, vaksinə əks göstərişi olanlar isə müvafiq sənədi gətirməlidirlər. Akademik bildirdi ki, hazırda peyvənd COVID-19-a qarşı mübarızədə ən optimal üsuldur və şöbə müdirləri bu barədə işçilər arasında təbliğat aparmalıdırlar.

Sonra akademik AMEA- da aparılan islahatlardan danışaraq bildirdi ki, bu islahatların əsas hədəflərindən biri iqtisadi tutumlu perspektivli innovativ elmi –tədqiqat işlərinin genişləndirilməsi və səmərəliliyinin artırılmasıdır. Bu islahatların tərkib hissəsi olaraq institutda da, bəzi kompleks işlər görülməli, elmi-tədqiqat işlərinin səmərəliliyi artırılmalı, gənclərin potensialından düzgün istifadə edilməlidir.

Qeyd edildi ki, ölkə başçısı cənab İlham Əliyev AMEA-nın 70 illiyik yubileyində tədqiqatçıların qarşısında mühüm vəzifələr qoymuşdur. AMEA-nın 2020-2025-ci illər üçün qəbul edilmiş konsepsiyasında bu vəzifələr də nəzərə alınmaqla yeni prioritet istiqamətlər müəyyən edilmişdir. Ölkənin müdafiə qüdrətinin artırılması sahəsində görüləcək iişlər, alternativ enerji mənbələri və hidrogen energetikası, monomerlərin istehsalı, korroziya ilə əlaqədar, xüsusilə mövcud su qovşaqlarının təhlükəsizliyi ilə bağlı görülən işlər, işğaldan azad olunmuş ərazilərin bərpası və orada yerləşən mineral xammal ehtiyatlarının tədqiqi, yüksək texnologiyalar üçün yeni materialların,

enerji çeviricilərinin, nanoboruların və nanokatalizatorların alınması, bioaktiv polimerlərin və nanogellərin sintezi kimi mühüm işlərin yerinə yetirilməsi İnstitutun qarşısında duran əsas vəzifələrdir.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi.

JURNALLAR
Faydalı linklər