Xəbərlər
Kimya Elmləri Bölməsinin Ümumi yığıncağında bir sıra məsələlər müzakirə olunub
İyn 18, 2021 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1881 dəfə

AMEA-nın Kimya Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib.

Bölmənin həqiqi və müxbir üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın 27 may 2021-ci il tarixdə keçirilən Ümumi yığıncağının qərar və tövsiyələri əsasında Kimya Elmləri Bölməsinin institutları qarşısında duran əsas vəzifələr müzakirə olunub.

AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik Dilqəm Tağıyev iclasda çıxış edərək bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bölmənin institutları ötən müddət ərzində bir sıra mühüm nəticələr əldə edib, Azərbaycanın kimya elmi 234 ölkə üzrə reytinqdə 67-ci yerdə qərarlaşıb.

Tədbirdə qeyd olunub ki, AMEA Rəyasət Heyətinin və Ümumi yığıncağının qərarlarından irəli gələn vəzifələrin həyata keçirilməsi bölmənin institutları qarşısında duran əsas vəzifələrdir. 2021-ci ilin iş planına əsasən, müəssisələrin elmi fəaliyyətində neft kimyası prosesləri üçün elm tutumlu texnologiyalar əsasında müxtəlif kimyəvi məhsulların sintezi və istehsalı, qeyri-üzvi maddələr və polimerlər əsasında yeni materialların yaradılması, mineral xammalın emalı, metal avadanlıqların korroziyadan mühafizəsi, effektiv sürtkü yağlarının istehsalı, fizioloji fəal üzvi birləşmələrin sintezi istiqamətləri üstünlük təşkil edəcək.

Müzakirə olunan məsələ ətrafında akademiklər - Abel Məhərrəmov, Vaqif Abbasov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Hafiz Əlimərdanov, Qüdrət Kəlbəliyev və başqaları elmi fəaliyyətin səmərəliliyini artırmaq üçün təkliflərlə çıxış ediblər.

Daha sonra KEB-ə daxil olan müəssisələrin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Gizli səsvermə nəticəsində akademik Dilqəm Tağıyev akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun və AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun baş direktoru seçiliblər.

www.science.gov.az

JURNALLAR
Faydalı linklər