Xəbərlər
AMEA-nın İşlər idarəsinin müdir müavini: “Yaxın zamanda “Science City” yaşayış kompleksində birinci binanın təhvil verilməsi nəzərdə tutulur”
İyn 21, 2021 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1946 dəfə

Məlumdur ki, 2018-ci ildən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır gölünün yaxınlığında Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün “Alimlər şəhərciyi” (“Science City”) yaşayış kompleksinin inşasına başlanılıb. 7 hektar ərazini əhatə edən kompleksdə binalarla yanaşı, bağça, orta məktəb və poliklinika kimi müxtəlif obyektlərin inşası da nəzərdə tutulur.

AMEA-nın İşlər İdarəsinin müdir müavini Natiq Allahverdiyev “Science City” yaşayış kompleksində binaların hazırki vəziyyəti, mövcud problemlər, tikinti işləri və gələcəkdə nəzərdə tutulan layihələr barədə suallarımızı cavablandırıb.

- Natiq müəllim, məlum olduğu kimi, son illər AMEA-da əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də ekoloji təmiz havaya malik ərazidə yerləşən “Alimlər şəhərciyi”ndə AMEA əməkdaşları üçün kooperativ yaşayış kompleksinin tikilməsidir. Bu layihə çərçivəsində ümumilikdə neçə binanın inşa olunması planlaşdırılır?

- Son illər ölkəmizdə sosial sahədə uğurlu dövlət siyasəti həyata keçirilir, əhalinin sosial rifahının yüksəldilməsi, aztəminatlı təbəqələrə kömək göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması üzrə genişmiqyaslı və ardıcıl tədbirlər görülür, yeni layihələr həyata keçirilir. Akademiya tarixində mühüm hadisə olan “Science City” yaşayış kompleksinin inşası da bu istiqamətdə atılan məqsədyönlü addımlardan biridir.

AMEA-nın Saray qəsəbəsi ərazisində yerləşən, 30 ha sahəni əhatə edən bu torpaqlar kənd təsərrüfatı təyinatlı olmaqla AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun balansında olub. Sonradan onun 7 ha ərazisində AMEA əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmərtəbəli və çoxmənzilli korporativ yaşayış binalarının və sosial obyektlərin tikintisi üçün Nazirlər Kabinetinə müraciət olunub, müraciət əsasında həmin torpaq sahələrinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi barədə sərəncam verilib.

Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən, AMEA-ya Saray qəsəbəsi ərazisində istifadəsində olan 7 ha torpaq sahəsində 1 ədəd 2 girişli, zirzəmili, 12 mərtəbəli, mansardlı, çoxmənzilli, 9 ədəd isə 2 girişli, zirzəmili, 16 mərtəbəli, mansardlı, çoxmənzilli yaşayış binalarının, uşaq bağçası və orta məktəb binalarının layihələndirilməsi və tikintisinə icazə verilib.

- “Science City” yaşayış kompleksində binaların tikintisi hansı şirkət tərəfindən həyata keçirilir?

- Qeyd olunan sərəncamlardan sonra “Sahil A” MTK ilə müqavilə imzalanıb və müqaviləyə əsasən həmin şirkət korporativ yaşayış kompleksinin tikintisini həyata keçirmək öhdəliyini öz üzərinə götürüb. Lakin bu müqavilə məqsədyönlü şəkildə, “Sahil A” MTK-nın maraqlarını təmin etmək məqsədilə AMEA-nın mənafelərinə zidd formada tərtib olunub. Belə ki, bu torpaq sahəsi AMEA-nın ərazisi olduğundan binaların birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələri, eləcə də mansard bölməsi də AMEA-nın balansına verilməli, şirkət yalnız tikdiyi mənzillərin güzəştli şərtlərlə AMEA əməkdaşlarına təqdim olunmasını həyata keçirməli idi.  

Əfsuslar olsun ki, ölkə rəhbərliyinin AMEA-ya göstərdiyi diqqət və qayğıdan sui-istifadə edilərək bu qurumun nüfuzuna xələl gətirilməsinə şərait yaradılıb. “Science City”də işlər nəzərdə tutulduğu kimi getməyib.

Qeyd etmək yerinə düşər ki, vaxtilə Yasamal rayonu ərazisində AMEA-nın əməkdaşları üçün 2 yataqxana fəaliyyət göstərirdi. Bu yataqxanalardan biri sökülərək yerində yeni bina inşa edilib. Bu binada həmin yataqxanada yaşayan AMEA əməkdaşlarına da mənzillər verilməli idi. Lakin təəssüf ki, qanuna zidd əməllər nəticəsində bu binanın yalnız 40 faizi AMEA əməkdaşlarına verilib. Hazırda bu problemin də aradan qaldırılması istiqamətində tədbirlər görülür.

- Binaların kanalizasiya sistemi ilə bağlı hər hansı problem mövcuddurmu?

- Hazırda kompleksdə 1 ədəd 12 mərtəbəli, 2 bloklu bina inşa edilib. Yaşayış kompleksində binaların tikilməsinin kommunikasiya xətlərinin çəkilməsi, yol, infrastruktur və digər layihələrin həyata keçirilməsindən sonra reallaşdırılması məqsədəuyğun olsa da, birinci bina natamam vəziyyətdə inşa edilib.

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra  əməkdaşların sosial problemlərinin həlli ilə bağlı işlərin görülməsini hər zaman diqqət mərkəzində saxlamışdır. AMEA rəhbəri kompleksdə mövcud olan bütün problemlərin aradan qaldırılması, o cümlədən kanalizasiya xətləri və digər infrastruktur layihələrinin reallaşdırılması üçün göstəriş vermişdir. Bu günlərdə kanalizasiya sisteminin bərpa olunması, su və işıq xətlərinin çəkilməsi istiqamətində işlərin yekunlaşdırılması planlaşdırılır.

- Natiq müəllim, yaşayış kompleksində binaların 2 il ərzində təhvil verilməsi nəzərdə tutulsa da, bu, bir qədər sonrakı tarixə təxirə salındı. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, müqaviləyə əsasən, binaların 2 il ərzində təhvil verilməsi nəzərdə tutulurdu. Təəssüf ki, hazırda kompleksdə yalnız bir binanın tikintisi yekunlaşıb.

- AMEA-nın “Science City” yaşayış kompleksi infrastruktur və keyfiyyət baxımından hansı üstünlüklərə malikdir?

- AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də məhz bu kompleksin tikintisidir. Kompleksin yerləşdiyi torpaq sahəsi zəngin təbiətə malik, ekoloji təmiz havası olan ərazidə yerləşdiyindən burada “Alimlər şəhərciyi”nin salınması, yüksəkixtisaslı elmi kadrların yetişdirilməsi üçün məktəblərin açılması elmin inkişafı baxımından böyük səmərə verə, həmçinin yeni imkanlar aça bilər. Burada müvafiq sosial infrastrukturun yaradılması, o cümlədən ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

- Hazır binanın hansı tarixdə təhvil verilməsi planlaşdırılır?

- “Sahil A” MTK-dan bildirildiyinə görə, kanalizasiya xətlərinin çəkilməsi başa çatdıqdan sonra kompleksdə birinci binanın təhvil verilməsi nəzərdə tutulur. Şirkət tərəfindən 154 mənzil, mansard və zirzəmi, qeyri-yaşayış sahəsi inşa olunub, lakin tamamlanmayıb. Bu binada bütün mənzillərin satışı həyata keçirilib.

Sonralar isə AMEA-nın İşlər İdarəsinin “Sahil A” MTK ilə bağladığı müqavilə ləğv olunub, ikinci binanın tikintisi üçün “Campus of Scientist” MTK ilə müqavilə bağlanıb. Bu şirkət tərəfindən 2 bloklu, 16 mərtəbəli 240 mənzilli ikinci binadan artıq 65 mənzilin satışı həyata keçirilib. Qeyd edim ki, ikinci binanın qeyri-yaşayış sahələri də Akademiyanın balansında qalacaq. Gələcəkdə qeyri-yaşayış sahələrindən səmərəli istifadə olunması ilə AMEA-nın dövlət büdcəsindən asılılığını azaltmaq mümkün olacaq.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişlərinə əsasən, bu ərazilərə bir daha baxış keçiriləcək və yeni layihələr icra olunacaq. Bununla yanaşı, hazırda tikintisi davam edən binada işin gedişatına AMEA-nın nümayəndəsi tərəfindən nəzarət edilir. Digər binaların tikintisi üçün isə başqa şirkətlərlə danışıqlar aparılır.

- Məlum olduğu kimi, yaşayış kompleksində 1, 2 və 3 otaqlı mənzillər elm və təhsil sahəsində çalışan əməkdaşlara müəyyən güzəştlərlə təklif olunur. Bu barədə məlumat verməyinizi istərdik.

- Bununla bağlı tikinti şirkətləri ilə danışıqlar aparılır. Elm və təhsil sahəsində çalışan əməkdaşlara təklif olunacaq güzəştlər və ödəniş qaydaları ilə bağlı yaxın zamanda ətraflı məlumat veriləcək.

Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində sektor müdiri

www.science.gov.az

JURNALLAR
Faydalı linklər