Xəbərlər
FotoVideo
II Azərbaycan Elm Festivalı öz işinə başlayıb
Okt 31, 2016 | 12:55 / Konfranslar, iclaslar
Oxunub 4704 dəfə

Oktyabrın 31-də AMEA-nın təşəbbüsü ilə keçirilən II Azərbaycan Elm Festivalının açılış mərasimi olub.

Festival UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AMEA-nın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə II Azərbaycan Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır. Həmçinin festival ictimaiyyətin elm sahəsində əldə olunmuş yeniliklərlə tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. 

AMEA rəhbəri elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələrinin də iştirak etdiyini söyləyib. Diqqətə çatdırıb ki, festival öz işinə noyabrın 1-də Naxçıvanda, noyabrın 2-də Sumqayıtda, noyabrın 4-də Şəkidə və noyabrın 5-də Gəncədə davam edəcək.

2014-cü ildə keçirilmiş I Elm Festivalında 15 mindən artıq insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə qeyd edib ki, bu dəfəki tədbir miqyasına və məzmununa görə fərqlidir və bura qatılanların sayının 50 minə çatacağı gözlənilir.

A.Əlizadə ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi dövlət qayğısından, alimlərimizin əldə etdiyi uğurlu elmi tədqiqatların əhəmiyyətindən, gənc alimlərə yaradılan şəraitdən də danışıb. O, AMEA-nın bir sıra dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib.

AMEA rəhbəri bu gün AMEA-nın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyünü vurğulayaraq bildirib ki, rəhbərlik etdiyi elm ocağında islahat yönümlü hədəflər 2020-ci ilə qədər davam edəcək. 

Alim Akademiyada magistratura təhsilinin artıq 2 ildir ki, həyata keçirildiyini və hazırda 75 magistrantın təhsil aldığını diqqətə çatdırıb.  O, müasir dövrdə elm sahəsində gənc kadrların hazırlanması, onların düzgün istiqamətləndirilməsi və bütün sferalarda fəaliyyətlərinin artırılmasına dəstək göstərməyin son dərəcə vacib olduğunu qeyd edib. Bütün alim və mütəxəssisləri bu prosesdə fəal iştirak etməyə çağırıb.

Sonra AR Təhsil naziri Mikayıl Cabbarov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər.

Daha sonra festival bədii hissə ilə davam edib. AMEA-nın marşı səslənib, əyləncəli elmi şoular nümayiş etdirilib, həmçinin ABŞ-ın "Acidic Band" qrupu çıxış edib.

AMEA rəhbərliyi, digər rəsmi şəxslər və fəxri qonaqlar AMEA-nın Alimlər Evində təşkil edilmiş sərgi ilə tanış olublar.

Festival Mərkəzi Elmi Kitabxana, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Ali Neft Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələr ilə davam edir.

Gün ərzində bir sıra muzeylər, texnoparklar və digər məkanlara elmi ekskursiyalar təşkil olunacaq.

Festival öz işinə regionlarda davam edəcək.

JURNALLAR
Faydalı linklər