Xəbərlər
Foto
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Apr 30, 2021 | 21:00 / Konfranslar, iclaslar
Oxunub 3658 dəfə

Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər.

İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyi barədə iştirakçılara məlumat verib.

Tədbirdə əvvəlcə bir sıra kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, akademik Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun, professor Məmməd Əliyev isə Mərkəzi Elmi Kitabxananın baş direktoru vəzifələrinə təsdiq ediliblər. Bundan əlavə, AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinə rəhbərlərin təsdiqlənməsinə dair qərar qəbul olunub.

İclasda AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun 80 illik yubileyi ilə bağlı müvafiq qərar verilib.

Müzakirəyə çıxarılan növbəti məsələ Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının problem şuralarının fəaliyyəti barədə olub və problem şuralarının fəaliyyətinə dair əsasnamə qəbul edilib.

Tədbirdə AMEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizində mütəmadi ekspedisiyaların təşkili, eləcə də Akademiyada bərpa olunan enerji mənbələri üzrə araşdırmaların genişləndirilməsi istiqamətində də müzakirələr aparılıb.

Sonda akademik Ramiz Mehdiyev çıxış edərək ölkəmizdə postpandemiya sonrası proseslərə AMEA-nın prioritet tədqiqatlarla əməli töhfə verməsinin vacibliyini bildirib.

Qeyd olunan məsələlər ətrafında AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, vitse-prezidentlər – akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, akademik-katib, akademik Adil Qəribov, akademik Gövhər Baxşəliyeva çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

JURNALLAR
Faydalı linklər