Xəbərlər
FotoVideo
Polimer Materialları İnstitutunun 50 illik yubileyi münasibətilə respublika elmi konfransı işə başlayıb
Okt 20, 2016 | 12:30 / Konfranslar, iclaslar
Oxunub 4851 dəfə

Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) AMEA-nın Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan “Makromolekullar kimyası, üzvi sintez və kompozit materiallar” mövzusunda respublika elmi konfransı işə başlayıb.

Əvvəlcə foyedə Polimer Materialları İnstitutunun elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanışlıq olub.

Elmi konfransın açılışında institutun inkişafında əvəzsiz xidmətləri olan, dünyasını dəyişmiş alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kataliz və Qeyri–üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev konfransın plenar iclasını açaraq, institutun yaradılmasında və inkişafında ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından danışıb. Bildirilib ki, institut 1966-cı ildə Sumqayıtda Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun filialı kimi yaradılıb və 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi-Sintez İnstitutuna çevrilib. 1991-ci ildən indiyədək AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir.

Vurğulanıb ki, respublikanın ali elmi qurumu olan Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu 50 il ərzində uğurlu yol keçib.

Polimer Materialları İnstitutunun direktor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov çıxışında mütəxəssislərin hazırlanması və inkişaf etdirilməsinin cəmiyyət, o cümlədən institut qarşında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. O, Sumqayıtın sürətli sənaye şəhəri kimi inkişafını təmin etmək məqsədilə yaradılan institutun tarixinə qısa nəzər salıb.

Konfransda çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov rəhbərlik etdiyi ali məktəbin heyəti adından institutun kollektivini, ölkənin elm adamlarını təbrik edib, yüksəkixtisaslı kadrların hazırlanmasında və Azərbaycanda elmi cəmiyyətin inkişafında AMEA-nın müstəsna rolundan danışıb.

Rektor ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən, AMEA-nın Polimer Materialları İnstitutu ilə Sumqayıt Dövlət Universiteti arasında təhsil, elm, istehsalat çərçivəsində elmi-təcrübi əməkdaşlıqdan bəhs edərək bildirib ki, məqsəd bu ali təhsil ocaqları arasındakı əlaqələri daha da inkişaf etdirmək, tələbələrin yüksəkixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.

Plenar iclasda çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif AbbasovAşqarlar Kimyası İnstitutunun direktoru, akademikVaqif Fərzəliyev, Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika elmləri doktoru Əminağa Sadıqov yarıməsirlik tarixi olan Polimer Materialları İnstitutunun çoxsahəli fəaliyyətindən, əldə etdikləri elmi nailiyyətlərdən söz açıblar.

Yubiley münasibətilə institutun bir qrup əməkdaşına AMEA-nın Fəxri Fərmanı təqdim olunub.

Plenar iclas institutun 50 illik yubileyinə həsr olunan videoçarxın nümayişı ilə bitib.

Qeyd edək ki, Polimer Materialları İnstitutunun 50 illik yubileyinə həsr olunan elmi konfrans dörd bölmə üzrə davam edir. Oktyabrın 21-dək davam edəcək elmi konfransa 130-dan çox məruzə təqdim olunub.

JURNALLAR
Faydalı linklər