Xəbərlər
Kimyaçı alimlərin həmmüəllifi olduğu kitab dünyaca məşhur nəşriyyatda işıq üzü görüb
Mart 16, 2021 | 16:00 / Nəşrlər
Oxunub 2186 dəfə

AMEA-nın birinci vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyev və dosent Manaf Manafovun həmmüəllifi olduğu kitab dünyaca məşhur “Intech Open” nəşriyyatında dərc olunub.

“Nano- və mikrokapsulasiya. Metodlar və tətbiqlər” adlı kitab 9 fəsildən ibarətdir. Kitabın VII fəsli “Strukturlaşdırılmış neft emulsiyalarının reologiyası” hissəsi yuxarıda adları qeyd edilən azərbaycanlı kimyaçı alimlər tərəfindən yazılıb. Tədqiqat işi həm strukturun əmələ gəlməsi, həm də dağılması ilə müşayiət olunan neft emulsiyalarının reologiyasına həsr edilib. Neft emulsiyasında dispers faza hissəciklərinin, o cümlədən asfalten və qətranların olması, hissəciklərin qarşılıqlı təsiri və toqquşması nəticəsində koaqulyasiya strukturlarının əmələ gəlməsini müəyyənləşdirir. Bu baxımdan, koaqulyasiya quruluşlarının meydana gəlməsinin öyrənilməsi üçün kütlə ötürülməsi tənliklərinin analitik həlləri təklif olunub. Bu həllər əsasında damlacıqların koalesensiyası və parçalanması tezliyi müəyyən edilib. Həmçinin neft emulsiyası həcmində koalesensiya zamanı damlalar arasındakı fazalar arası səth təbəqəsinin incəlməsi tənliyi üçün modellər və analitik həllər təklif olunub. Damla səthində adsorbsiya olunmuş təbəqənin qalınlığının qiymətləndirilməsi yerinə yetirilib. Eləcə də özlülüyün suyun  və neftin tərkibində olan su və asfalten-qatranlı maddələrdən asılılığını müəyyənləşdirmək üçün bir sıra empirik və yarımempirik düsturlar təklif olunub.

Qeyd edək ki, “Intech Open” dünyanın aparıcı elm, texnologiya, tibb jurnallarının, kitablarının nəşriyyatı və yayımçısıdır. 2004-cü ildən etibarən nəşriyyat 87 min müəlliflə və 6 jurnalla əməkdaşlıq edir və bu illər ərzində nəşriyyat tərəfindən 2500 kitab və 6 jurnal dərc olunub. Təşkilatın məqsədi tədqiqatçılara elmi işlərini dünyanın müxtəlif ölkələrində yayılmasına köməklik etməkdən ibarətdir.

JURNALLAR
Faydalı linklər