Xəbərlər
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan jurnalda dərc olunub.
Mart 09, 2021 | 12:11 / Konfranslar, iclaslar
Oxunub 2106 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, professor Akif Əliyev, böyük elmi işçi Vüsalə Məcidzadə, aparıcı elmi işçi Əsmət Əzizova və kiçik elmi işçi Sevinc Cavadovanın məqaləsi Web of Science və Scopus beynəlxalq bazalarına daxil olan J. Electrochem. Sci. Eng. jurnalda dərc olunub.

Məqalə etilenqlikol əsaslı elektrolitlərdən Bi-Se nazik təbəqələrinin elektrokimyəvi yolla alınmasına həsr edilmişdir. Tədqiqatlar, Pt və Ni elektrodlarından istifadə edilərək müxtəlif şəraitlərdə potensiodinamik və qalvanostatik üsullarla aparılmışdır. İki elektrodun polyarizasiya əyrilərinin müqayisəsi göstərir ki, Bi və Se-nin birgə elektroçökməsi təxminən eyni potensial aralığında baş verir. Optimal elektrolit tərkibini və elektroliz rejimini müəyyən etmək üçün müxtəlif amillərin (ilkin komponentlərin qatılığı, temperatur və s.) Bi-un Se ilə birlikdə elektroçökmə prosesinə təsiri öyrənilmişdir. Bundan əlavə, qalvanostatik metoddan istifadə edərək Ni elektrodlarda çökən Bi-Se nümunələri skanəedici elektron mikroskopu (SEM) və rentgen faza analiz metodları ilə tədqiq edilmişdir. Rentgen faza analizinin nəticələri ilə termiki emal olunan və olunmayan nazik Bi2Se3 təbəqələrinin çökməsi təsdiqlənmişdir. Nümunələrin EDS analizi ilə aparılan elementar təhlili göstərir ki, təbəqələrin tərkibi 62.79 % Bi və 37.21 % Se –dən ibarətdir.

Qeyd edək ki, Bi2Se3 əsasında alınan nazik təbəqələr termoelektrik və optoelektronik cihazlarda, istilik nasoslarında, kiçik elektron cihazlarda, infraqırmızı sensorlarda və s. müvəffəqiyyətlə tətbiq edilə bilərlər.

Sevinj Piri Javadova, Vusala Asim Majidzade, Akif Shikhan Aliyev, Asmat Nizami Azizova and Dilgam Babir Tagiyev. Electrodeposition of Bi-Se thin films involving ethylene glycol based electrolytes. J. Electrochem. Sci. Eng. 11(1) (2021) 51-58; http://dx.doi.org/10.5599/jese.914

JURNALLAR
Faydalı linklər