Xəbərlər
“Azərbaycan qadınının elm və mədəniyyətin inkişafında rolu” mövzusunda elmi sessiya keçirilib
Fev 12, 2021 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2001 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Azərbaycan qadınının elm və mədəniyyətin inkişafında rolu” mövzusunda onlayn elmi sessiya keçirilib. Tədbir 11 Fevral - Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunub.

Muzeyin Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova tədbiri giriş sözü ilə açaraq Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 22 dekabr 2015-ci ildə qəbul etdiyi qətnamə ilə sözügedən əlamətdar günün təsis olunduğunu diqqətə çatdırıb. O, həmin günün qeyd edilməsində əsas məqsədin qadın və qızların cəmiyyətdə rolunun, həmçinin onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi olduğunu bildirib.

Sevinc Heydərova ölkənin elm, mədəniyyət, mətbuat tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər və əldə olunan nailiyyətlər barədə də məlumat verib.

Daha sonra Muzeyin Elmi işlər üzrə direktor müavini filologiya elmləri doktoru, professor Xatirə Bəşirli çıxış etdi və muzeyin kollektivinin əsasən qadınlardan ibarət olduğunu nəzərə alaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. 

Növbəti çıxış edən AMEA Qadınlar Şurasının sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədəki vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. Azərbaycan qadınlarının cəmiyyətdə rolunun qədim dövrlərdən başlandığını söyləyən M.Nəcəfli ölkəmizi dünyada tanıdan qadın alimlərimizin fəaliyyətindən söz açıb. Qeyd edib ki, qadınların müxtəlif elm sahələrindəki fəaliyyətini genişləndirmək məqsədilə beynəlxalq miqyasda müxtəlif proqramlar həyata keçirilir. Belə proqramlar içərisində Böyük Britaniyanın, o cümlədən İslam İnkişaf Bankının dəstəklədiyi təhsil qrandları da yer alır. M.Nəcəfli bildirib ki, Azərbaycan da inkişaf etməkdə olan ölkə kimi Avropa İttifaqının həyata keçirdiyi bu layihələrin iştirakçısı olur və beynəlxalq layihələrdə iştirak edərək qalib olan qadın alimlərin sayı artır.

Tədbirdə, həmçinin Biofizika İnstitutunun Qadınlar Şurasının sədri Əsmər Məmmədova çıxış edib.

Daha sonra muzeyin Qadınlar Şurasının üzvləri elm, ədəbiyyat və incəsənət sahəsində nəsillərə yadigar qalacaq əsərləri ilə tanınan qadın sənətkarlar və onların yaradıcılığından bəhs ediblər.

Muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayevanın “Elmdə qadınlar”, muzeyin Xurşidbanu Natəvan adına Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədovanın “Qarabağ ədəbi mühitində qadınlar”, Qədim və Orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin kiçik elmi işçisi Aysel Məhərrəmovanın “Həsrət və ümid poeziyası”, muzeyin muzeyşünaslıq üzrə doktorantı Fatimə Süleymanovanın “Rəngkarlıq sənətinin inkişafinda Azərbaycan qadınının rolu” adlı məruzələri maraqla dinlənilib.

JURNALLAR
Faydalı linklər