Xəbərlər
Azərbaycan kimya elminə ağır itki üz verib
Yan 12, 2021 | 12:00 / Mühüm hadisələr
Oxunub 269 dəfə

Bu gün Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi,  kimya üzrə elmlər dokroru, Ələfsər Bəxtiyar oğlu Məmmədov ömrünün 68 yaşında dünyasını dəyişib.

Ələfsər Bəxtiyar oğlu Məmmədov 4 yanvar 1952-ci ildə Şəki rayonunda anadan olmuşdur. 1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini bitirib. 1973 – 1977-ci illərdə Azərbaycan SSR EA Qeyri- üzvi və fiziki kimya  İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) əyani aspiranturasında təhsil alıb. Ə. Məmmədov o vaxtdan ömrünün sonuna qədər bu institutda işləmişdir.  1980-cı ildə namizədlik, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə edib.

Ələfsər Məmmədovun əsas elmi istiqaməti müxtəlif kimyəvi çevrilmələr üçün yeni katalizatorların hazırlanmasından ibarət olmuşdur. Onun tərəfindən neft fraksiyalarının və fərdi karbohidrogenlərin vacib neft-kimya məhsullarına (benzin, olefin və s.) kimyəvi çevrilməsi və digər proseslər üçün yeni katalizatorların məqsədyönlü hazırlanmasının və həmin proseslər üçün mövcud katalizatorların təkmilləşdirilməsinin fiziki-kimyəvi əsasları işlənmişdir. Bu elmi əsaslar zəminində krekinq və piroliz prosesləri üçün yüksək aktivliyə və seçiciliyə, ekoloji və iqtisadi baxımdan yüksək səmərəliliyə malik, tərkibində seolit olan katalizatorlar hazırlanmışdır.

Ə.Məmmədov 125 elmi əsərin və müəlliflik şəhadətnaməsinin, 3 dərslik və 1 funda­­mental mo­no­qrafiyanın  müəl­lifidir. Onun rəhbərliyi ilə 3 fəlsəfə doktoru yetişdirilib. Ələfsər Məmmədov AMEA- nın və BDU- nun fəxri fərmanları ilə təltif olunmuşdur.

Ə.Məmmədov elmi fəaliyyətlə yanaşı müxtəlif vaxtlarda pedaqoji  fəaliyyətlə də məşğul olmuşdur. O, 1998 – 2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor vəzifəsində, 2011-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbinin tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışıb.

Ələfsər müəllim müxtəliv vaxtlarda Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının, AMEA Radiasiya Problemləri İnstitutunda Elmi seminarın, AMEA Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın, AMEA akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi seminarın üzvü olmuşdur.

Mənalı ömür yolu, elmə bağlılığı, ictimai-siyasi fəaliyyəti ilə seçilən Ələfsər Məmmədov prinsipiallığı, tədqiqatçılıq əzmi və yüksək insani keyfiyyətləri ilə kollektivin dərin hörmətini qazanmışdır.

Ələfsər müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət etsin!

JURNALLAR
Faydalı linklər