Xəbərlər
Yaxın gələcəkdə Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevriləcək
Yan 06, 2021 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1529 dəfə

Hindistan ilə Rusiya 2025-ci ilə qədər qarşılıqlı ticarət dövriyyəsini 11 milyard dollardan 30 milyard dollara yüksəltmək niyyətindədir.

Bu istiqamətdə artıq ilkin addımlar atılıb. Belə ki, 2020-ci ildə hər ölkə arasındakı ticarət dövriyyəsində 2,2 milyard dollar artım müşahidə edilib.

Təsadüfi deyil ki, “Rusiya Dəmir Yolları Logistika” şirkəti ilə Hindistanın CONCOR (“Container Corporation of India Ltd”) şirkəti arasında yüklərin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması haqqında müqavilə imzalanıb. Ötən il imzalanan bu müqaviləyə əsasən, Hindistandan Rusiya və Avropaya, eləcə də əks istiqamətə ixrac ediləcək yüklər İran ərazisindən daşınacaq.

Rusiya şirkətinin baş direktor müavini Serqey Pavlov mətbuata verdiy açıqlamada bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımalar yalnız Hindistan və Rusiya arasında deyil, eləcə də Hindistanla Avropa arasında həyata keçiriləcək. Rusiyaya çatdırılması nəzərdə tutulan yüklər Moskva və Sankt-Peterburq şəhərlərinə çatdırılacaq, Avropaya göndərilən yüklər isə tranzit olaraq dəmir yolu ilə Avropa ölkələrinə daşınacaq.

Qeyd etmək lazımdır ki, həmin yüklər İrandan keçərək Azərbaycan ərazisinə daxil olaraq Rusiyaya daşınacaq. Yəni Azərbaycan ərazisi də tranzit kimi istifadə olunacaq. Belə ki, yüklər Hindistanın Mubai limanından İranın Çabahar limanına çatdırılacaq. Buradan isə qatrala Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq.

Göründüyü kimi, Hindistan ilə Rusiya arasında yükdaşımaların həcminin artması, bunların İran və Azərbaycan ərazisindən daşınması dövlətimizin büdcəsi üçün əlavə gəlir deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşulması iqtisadi gəlirlə yanaşı, siyasi üstünlük də qazandıracaq.

Burada söhbət təkcə yüklərin dəmir yolu ilə daşınmasına görə tranzit gəlirinin əldə edilməsindən getmir. Yaxın gələcəkdə yükdaşıma firmalarının Bakıda nümayəndəlikləri və digər texniki xidmət sahələri yaradılacaq ki, bunlar da yeni və yüksək əməkhaqqı olan iş yerlərinin açılmasına səbəb olacaq. Bakı beynəlxalq nəqliyyat qovşağına çevriləcək.

JURNALLAR
Faydalı linklər