Xəbərlər
Foto
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
Dek 30, 2020 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 3554 dəfə

Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri - AMEA-nın birinci vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər – Dilqəm Tağıyevİradə HüseynovaRasim Əliquliyev, akademiyanın akademik-katibi, akademik Adil Qəribov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Rəyasət Heyətinin iclasına çıxarılan ilk elmi-təşkilati məsələ AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında olub. Bununla əlaqədar çıxış edən akademik Adil Qəribov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən, məqsədyönlü, ölkənin milli maraqlarının qorunmasına  və əhalinin sosial təminatının artırılmasına yönəlmiş dövlət siyasəti nəticəsində respublika iqtisadi, siyasi, mədəni, sosial, hərbi və digər bütün sahələrdə yüksək inkişafa nail olub. Adil Qəribovun sözlərinə görə, ölkədə yeni reallığın yarandığı hazırkı şəraitdə dövlətin elmi-texniki fəaliyyət sahəsindəki siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasıdır. AMEA-nın fəaliyyəti, xüsusən də elmi fəaliyyət nəticəsində əldə edilmiş konkret nəticələrin ölkənin sosial-iqtisadi inkişafında iştirakı ilə bağlı real vəziyyəti dəyərləndirən akademik-katib bu sahədə hazırkı durumun yeni reallığa cavab vermədiyini vurğulayıb. Belə ki, indi Azərbaycanda elmə kifayət qədər dövlət qayğısı göstərilməsinə baxmayaraq, elmin ümumi daxili məhsulda payı yox dərəcəsindədir. Yüksək reytinqli elmi nəşrlər və istinadlar sahəsində, xaricdə patentləşmiş və tətbiq olunmuş nəticələr istiqamətində ciddi çatışmazlıqlar mövcuddur.

Elmi fəaliyyət sahəsində mövcud olan problemlərin əksəriyyətinin elmin struktur təşkili və idarəetmə mexanizmi ilə bilavasitə bağlı olduğunu diqqətə çatdıran akademik Adil Qəribov son illər dövlət başçısının həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini idarəetmə sistemində infrastrukturun optimallaşdırılması, şəffaflığın artırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və kadrlardan daha səmərəli istifadə edilməsi kimi kompleks yeniliklərin təşkil etdiyini bildirib. Belə bir şəraitdə AMEA-da struktur islahatları, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyə, milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və sair sahələrdə köklü islahatların aparılması vacibdir. Bununla bağlı məsələyə Rəyasət Heyətinin növbəti iclasında yenidən baxılması qərara alınıb.

Müzakirəyə çıxarılan digər məsələ AMEA-da 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin planlarının hazırlanması ilə bağlı olub. Bildirilib ki, fundamental elmin müxtəlif sahələrində çalışan alimlərin əsas vəzifələrindən biri öz sahəsi üzrə dünya elmində gedən proseslərə daha sıx inteqrasiya olunmaq, beynəlxalq elmi kollaborasiyalarda iştirakı intensivləşdirmək olmalıdır. İstər fundamental-elmi və nəzəri-metodoloji, istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni və ideoloji baxımdan heç bir xüsusi əhəmiyyət kəsb etməyən, müasir dünya elminin inkişaf tendensiyaları ilə uzlaşmayan ənənəvi mövzulardan imtina edilməlidir. İclasda, həmçinin vurğulanıb ki, elmi tədqiqatların prioritetləri Azərbaycan dövlətinin sosial-iqtisadi və mədəni-mənəvi sahələrdəki vəzifələri ilə səsləşməli, elmi biliklərin cəmiyyətin təkamülündəki yeri və rolu əsas strateji hədəf olmalıdır.

Qarabağa dair planlaşdırılan tədqiqatlara da toxunan akademik Adil Qəribov bildirib ki, növbəti illər üçün hazırlanacaq elmi tədqiqat işlərinin planlarında Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, arxeologiyası, folkloru, etnoqrafiyası, təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı kompleks tədqiqatların da yer almasına zərurət yaranıb.

Qeyd edilənlər nəzərə alınaraq AMEA-da 2021-2025-ci illər üçün elmi tədqiqat işlərinin mövzu planının əvvəlcə müəssisələrin, daha sonra müvafiq bölmələrin elmi şuralarında müzakirə olunaraq AMEA Rəyasət Heyəti aparatına təqdim edilməsinə qərar verilib.

İclasda AMEA-da innovasiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında da müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, AMEA-da elmi-innovativ fəaliyyətin gücləndirilməsi, xüsusən bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən 16 oktyabr 2020-ci il tarixli sərəncam imzalanıb. Sözügedən sənəddə AMEA-nın innovasiya və elmin kommersiyalaşdırılması üzrə müşaviri akademik Əli Abbasova AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunmuş innovativ perspektivli elmi nailiyyətlərin tətbiqi, eləcə də beynəlxalq elmi-innovativ fəaliyyətin gücləndirilməsinə dair təkliflərin hazırlanaraq AMEA-nın prezidentinə təqdim edilməsi tapşırılıb.

Təqdim olunan təklifləri müzakirə edərək AMEA-nın Rəyasət Heyəti elmi tədqiqatların nəticələrinin (təkliflərin), təşkilat və şirkətlərin elmi tutumlu problemlərinin (tələblərin), həmçinin tərəfdaş təşkilatlar haqqında verilənlər bazasının formalaşdırılması məqsədilə WEB texnologiyalara əsaslanan Texnologiya Transferi Sisteminin qurulmasını məqsədəuyğun hesab edib. Bundan əlavə, AMEA-nın elmi müəssisələri tərəfindən alınmış elmi nəticələrə əsaslanan strateji və milli əhəmiyyətli layihələrin hazırlanıb aidiyyəti dövlət qurumlarına təqdim olunması qərarlaşdırılıb. O cümlədən AMEA-da elmi-innovativ fəaliyyət üzrə konkret fəaliyyət proqramının hazırlanması barədə qərar qəbul olunub.

Sonra “Türkologiya” jurnalının əlli illik yubileyi haqqında çıxış etmək üçün söz AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə verilib. “Türkologiya” jurnalının çap tarixindən danışan akademik İsa Həbibbəyli qeyd edib ki, MDB məkanında yeganə türkoloji dərgi sayılan bu jurnal dünya türkoloji mərkəzlərilə geniş əlaqələr yaratmağa xidmət edir. Akademik vurğulayıb ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən “Türkologiya” jurnalı türk dünyasının köklü və nüfuzlu elmi jurnallarındandır, dərgi türkologiya elminin tarixinə və aktual problemlərinə həsr olunur, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair yazılmış elmi əsərləri özündə əks etdirir.

İclasda “Türkologiya” jurnalının 50 illiyilə əlaqədar onlayn yubiley tədbirinin keçirilməsi, jurnalın 2016-2020-ci illərdəki saylarının “Türkoloji mərkəzlər” rubrikasında çap olunan dünyadakı türkoloji mərkəzlər haqqında elmi məqalələrin jurnalın əlavəsi kimi çap edilməsi, maddi-texniki bazasının gücləndirilməsi qərara alınıb.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin 70 illik yubileyinin keçirilməsi qərara alınıb.

Növbəti qərarla filologiya üzrə fəlsəfə doktoru Seyfəl Həsənov AMEA Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsinə təyin edilib.

Sonda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək yeni ildə hər kəsə uğurlar arzulayıb.

JURNALLAR
Faydalı linklər